Qəbələdə atıcılıq üzrə keçirilən Dünya Kuboku yarışları başa çatıb

Qəbələdə atıcılıq üzrə keçirilən Dünya Kuboku yarışları başa çatıb
# 22 sentyabr 2016 15:03 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. “Qəbələdə atıcılığın olimpiya növləri üzrə keçirilən Dünya Kuboku yarışları uğurla başa çatdı. Sentyabrın 16-dan bu günədək təlim-məşq toplanışlarında və mötəbər yarışlarda iştirak edən 27 ölkənin 281 idmançısı, həmin ölkələrin atıcılıq federasiyalarının nümayəndələri, idmançıların məşqçiləri və hakimlər, texniki işçilər, eləcə də Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəhbər şəxsləri bu yarışların yüksək səviyyədə təşkil edilməsindən razılıq ediblər”. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə müsahibəsində “Qəbələ” Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov deyib.

O, artıq bir neçə ildi ki, Qəbələdəki Stend və Ox Atıcılığı Kompleksində beynəlxalq turnirlərin, Dünya Kuboku və Qran-Pri yarışlarının uğurla təşkil edildiyini, idmançılar və qonaqlar üçün hər cür şəraitin yaradıldığını qeyd edib.

Klub rəsmisi İsmayılov bu gün Qəbələdə dünya atıcılıq idmanı tarixində bir ilkə imza atıldığını bildirib. Onun sözlərinə görə, bu gün Dünya Kubokunun iştirakçıları arasında ilk dəfə olaraq atıcılığın qarışıq növləri üzrə komandalar arasında birincilik təşkil edilib: “Beynəlxalq İdman Atıcılıq Federasiyasının və iştirakçı ölkələrin atıcılıq federasiyalarının rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən sınaq xarakterli bu yarışda tüfəng və tapançadan 10, 25 və 50 metr məsafəyə müxtəlif mövqelərdə atəş açma yarışında bir oğlan və bir qız birgə olaraq komanda şəkilində eyni vaxtda yarışıblar. Mütəxəssislərin fikrincə, atıcılıq tarixində dünyada ilk sınaq yarışı olan “mix team” uğurlu alınıb. Gələcəkdə Beynəlxalq İdman Atıcılığı Federasiyası tərəfindən bu yeni növ üzrə yarışların təşkil edilməsi nəzərdə tutulur”.

İsmayılov qeyd edib ki, atıcılığın olimpiya növləri üzrə gənclər arasında Dünya Kubokunda yığmamızın üzvləri medal qazanmasalar da, yarış onlar üçün böyük təcrübə olub: “Gənc idmançılarımızın məşqçiləri onların buradakı səhvlərinə diqqət yetirdi, düşünürəm ki, idmançılarımız gələcək məşqlərdə daha məsuliyyətlə çalışacaqlar və belə mötəbər yarışlarda uğur əldə edə biləcəklər”.

Qeyd edək ki, sentyabrın 18-22-də Qəbələdə keçirilən yarış Gənclərin Dünya Kubokunun ikinci mərhələsidi. Yarışın ilk mərhələsi ilin əvvəlində Almaniyanın Zul şəhərində olub. Komandamız Qələbədə baş tutan turnirdə 11 stend, 14 güllə atıcısı ilə təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR