Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib
# 13 oktyabr 2016 22:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı-APA. Akademik Milli Dram Teatrında Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Tədbirdə qonaqlar şairin həyat və yaradıcılığını əks etdirən 250-dək kitabın yer aldığı sərgi ilə tanış olublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Səməd Vurğunun həyat və yaradıcılığı haqqında danışıb, şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən bəhs edib.

Nazir qeyd edib ki, Səməd Vurğun müasir və tarixi-əfsanəvi mövzularda da bir çox əsərlər müəllifi kimi tanınıb: "Şairin “Ölüm kürsüsü”, “Qız qayası”, “Dar ağacı”, “Ölən məhəbbət”, “Aslan qayası”, “Üsyan”, “Bəsti”, “Ayın əfsanəsi” və “Bulaq əfsanəsi” əsərləri bu qəbildəndir. Ana dilimizin şeriyyət və ahəngini dərindən duyan şair ədəbiyyatla xalq arasında möhkəm bağlılıq yaradaraq özü də bu birliyin bayraqdarına çevrilib. Şairin poeziyası multikulturalizmə, tolerantlığa və birliyə çağırış himni kimi səslənir. Bu mütərəqqi tendensiyaları bədii irsində mükəmməl şəkildə birləşdirməyi bacaran Səməd Vurğun ürəklərdə özünə əbədi heykəl ucaldıb".

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar şairin zəngin yaradıcılığından söz açıb.

Xalq yazıçısı bildirib ki, 1934-cü ildə şairin “Könül dəftəri”, bir il sonra isə “Şeirlər” adlı kitabları nəşr olunub. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, ədəbiyyatımızı və dramaturgiyamızı yeni əsərlər hesabına zənginləşdirib.

Tədbir konsert proqramı ilə davam edib.

Gecədə S.Vurğunun şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR