FHN əməkdaşları səmti müəyyən etmə üzrə respublika çempionatında yüksək nəticə göstəriblər

FHN əməkdaşları səmti müəyyən etmə üzrə respublika çempionatında yüksək nəticə göstəriblər
# 18 oktyabr 2016 15:48 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları səmti müəyyən etmə idman növü üzrə növbəti açıq respublika çempionatında yüksək nəticələr əldə edib.

FHN-in İdman-sağlamlıq klubunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şabran rayonunun Qalaaltı meşə zolağında keçirilən yarışlarda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, idman cəmiyyətləri və ali təhsil müəssisələrini təmsil edən 18 komanda üzrə 350 idmançı mübarizə aparıb.

Çempionatın yekunlarına görə, K21 kateqoriyasında Müslüm İmranlı (“İrbis” İK) 6,0 km-11 CP məsafədə finiş xəttinə birinci çatıb. Alexander Misçenko (Ukrayna Səfirliyi) və Maksim Boholdin (“İrbis” İK) müvafiq olaraq ikinci və üçüncü yerləri tutub. 4,8 km-10 CP üzrə Q21 kateqoriyasında Fövqəladə Hallar Nazirliyinin idmançısı Sevda Verdiyeva qızıl medala sahib olub. Qalibdən bir neçə dəqiqə geridə qalan Ekaterina Yakovleva (“Neftçi”-1) gümüş, Yana Maşkova (“Dağçılıq” idman klubu-2) isə bürünc medal qazanıb.

Komanda hesabında isə “Dağçılıq” idman klubu-1 bütün rəqiblərini geridə qoyaraq yarışın kubokunu qazanıb. “Neftçi” İK İB-2 komandası ikinci, “Dağçılıq” idman klubu-2 isə üçüncü olub.

Oktyabrın 18-də FHN-in İdman-sağlamlıq klubunda Dövlət Müstəqillik gününə həsr edilmiş tədbirdə klubun rəisi, polkovnik Fizuli Musayev çempionatda nəticə göstərmiş idmançılara təbriklərini çatdırıb, onlara qiymətli hədiyyələr təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR