BDU-da film festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

BDU-da film festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
# 28 oktyabr 2016 12:05 (UTC +04:00)

Bu gün Bakı Dövlət Universitetində Türk Dünyası sənədli filmlər festivalının Azərbaycandan olan qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, Türk Dünyası Jurnalistlər Federasiyası Türk dünyası sənədli filmlər festivalını təşkil etməklə çox nəcib bir işi gerçəkləşdirib.

Son zamanlar türk dünyası xalqlarının konsolidasiyası istiqamətində çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdıran rektor qeyd edib ki, Azərbaycan türk xalqlarını birləşdirən çoxsaylı təşkilatlarda aktiv şəkildə təmsil olunur, bir sıra birliklərin yaranmasında təşəbbüskar qismində yaxından iştirak edir: “Türk dövlətləri arasındakı əməkdaşlıq istiqamətləri müxtəlif media quruluşlarını da əhatə etməkdədir. Bu, həm təcrübə mübadiləsi, ən əsası isə xalqların bir-birinə daha sıx şəkildə inteqrasiyası baxımından olduqca önəmlidir”.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə bildirib ki, Türk Dünyası Jurnalistlər Federasiyasının Türk dünyası sənədli filmlər festivalına 70-dən artıq film təqdim olunub. Azərbaycan da həmin festivalda iştirak edib və təqdim edilən filmlərdən üçü mükafata layiq görülüb.

Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmir isə bildirib ki, festivala Azərbaycandan 7 film təqdim olunub. Radion İsmayılovun “Doğma ocağı” filmi 3-cü yerə layiq görülüb. Bəxtiyar Qaracanın “İşığın sınma bucağı” və Elşad Eyvazlının “Böyüməyən uşaqlar” filmləri isə ayrı-ayrı nominasiyalar üzrə mükafatlara layiq görülüb.

Sonra qaliblərin mükafatlandırması mərasimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR