Heydər Əliyev Mərkəzində tanınmış heykəltəraşın sərgisi açılıb

 Heydər Əliyev Mərkəzində tanınmış heykəltəraşın sərgisi açılıb
# 28 oktyabr 2016 22:53 (UTC +04:00)

Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində tanınmış meksikalı rəssam və heykəltəraş Xorxe Marinin “Varlığın canlanması” adlı fərdi sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

APA-nın “Azərtac”-a istinadən məlumatına görə, açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək Mərkəzin incəsənətimizin inkişafına dəstək verən növbəti layihələrdən birini təqdim etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Xorxe Marinin bu sərgisinin təşkili üçün həm Heydər Əliyev Fondunun, həm də Heydər Əliyev Mərkəzinin əməkdaşları uzun müddətdir birgə işləyiblər.

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores sərginin açılışında iştirak edənləri Azərbaycan dilində salamlayıb. Diplomat deyib ki, dünya şöhrətli Xorxe Marin Meksikanın müasir təsviri incəsənətinin ən görkəmli simalarındandır. Sərginin xalqlarımız arasında dostluğun əyani nümunəsi olduğunu söyləyən səfir bildirib ki, belə layihələr Meksika ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da genişlənməsinə təkan verəcək.

Bakıda sərgisinin açılmasından qürur duyduğunu söyləyən Xorxe Marin ilk növbədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, eləcə də bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Ekspozisiyada sənətkarın son illərdə yaratdığı monumental əsərlər nümayiş olunur. Bu, Xorxe Marinin Şərqi Avropa regionunda ilk sərgisidir. 53 yaşlı Xorxe Marin 25 ildən artıqdır ki, yaradıcılıqla məşğuldur, 250-dən çox fərdi və birgə sərgilərdə iştirak edib. Onun əsərləri Fransa, İspaniya, Portuqaliya, Türkiyə, Almaniya, Belçika, Macarıstan, Rumıniya, Kosta-Rika, Panama, Salvador, Qvatemala, Kanada, ABŞ, İngiltərə, Rusiya, Danimarka, Latviya, Serbiya, Sinqapur, Çin, Honkonq və İndoneziyanın muzey və qalereyalarında sərgilənib.

Heydər Əliyev Mərkəzində sərgi 2017-ci il martın 31-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR