QMİ sədri: “Mətbuata güvənməliyik, bir-birimizlə məsləhətləşməliyik”

QMİ sədri: “Mətbuata güvənməliyik, bir-birimizlə məsləhətləşməliyik”
# 25 noyabr 2016 09:19 (UTC +04:00)

Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Milli mənəvi dəyərlər və KİV” mövzusunda jurnalistlər üçün iki həftəlik seminar başlayıb.

APA-nın məlumatına görə, seminar zamanı QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və dini xadimlər jurnalistlərlə görüşüblər.

A. Paşazadə belə görüşün Azərbaycan tarixində ilk dəfə keçirildiyini deyib. “Bu o deməkdir ki, dövlət din-dövlət münasibətlərinə xüsusi önəm verir. Azərbaycanda jurnalistlərlə din xadimləri arasında belə yüksək səviyyəli görüş keçirilməmişdi. Əlbəttə ki, ayrı-ayrı jurnalistlərlə görüşlərimiz olub, ancaq bu cür geniş şəkildə görüş birinci dəfə baş tutur. Mətbuat bizim ən yaxın dayağımız olmalıdır, biz sizə güvənməliyik, bir-birimizlə məsləhətləşməliyik. Bu təlimin məqsədi odur ki, həm jurnalistlərin dini bilikləri artsın, həm də din xadimləri ilə jurnalistlər arasında münasibətlər inkişaf etdirilsin. Məqsədimiz odur ki, jurnalistlərlə din xadimləri arasında əlaqələri inkişaf etdirək və dövlətçiliyin xeyrinə işlər görək”.

M. Qurbanlı isə bildirib ki, jurnalistlərin dini bilgilərinin artması, din sahəsi üzrə jurnalistlərin ixtisaslaşması hazırkı dövr üçün olduqca vacibdir.

Öz növbəsində Ə. Amaşov deyib ki, son vaxtlar bəzi mətbuat orqanlarında bilməyərəkdən radikal dini fikirlər təbliğ olunur: “Bu baxımdan belə təlimlərin keçirilməsi bu halların qarşısını alacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR