Azərbaycanlı pianoçu, caz ifaçısı Elçin Şirinov Londonda konsert proqramı ilə çıxış edib

Azərbaycanlı pianoçu, caz ifaçısı Elçin Şirinov Londonda konsert proqramı ilə çıxış edib
# 25 noyabr 2016 09:45 (UTC +04:00)

Bu günlərdə “EFG London” caz festivalı çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə “Pizza Express” caz klubunda keçirilən konsertdə məşhur azərbaycanlı pianoçu, caz ifaçısı Elçin Şirinov etno-caz musiqi janrında konsert proqramı ilə çıxış edib.

Cəmiyyətdən APA-ya verilən məlumata görə, 1969-cu ildə yaradılmış bu klub meqapolisin aparıcı caz məkanlarından biridir. Burada müxtəlif illərdə və müxtəlif janrlarda Bad Friman, Benni Karter, Lyu Tabakkin, Con Dankvort, Dayana Krall və Cemi Kallum kimi dünya ulduzları öz məharətlərini nümayiş etdiriblər.

TEAS “Saint-Germain-des-Prés Paris” və “Reyms Sunnyside” caz festivallarına, eləcə də Londonun “Spice of Life” və “Vortex” klublarında keçirilən konsertlərə də dəstək verib.

Azərbaycan xalq musiqisinin zəngin repertuarına müraciət edən Elçin Şirinov yeni nəsil caz musiqiçilərinin parlaq nümayəndəsidir. O, post-bop caz musiqi elementlərini Azərbaycan xalq və klassik musiqisinin üslub, melodiya və mikrotonları ilə birləşdirməklə məşhurdur. Konsertdə E. Şirinovu italiyalı bas gitaraçı Andrea Di Bias və britaniyalı zərb ifaçısı Deyv Hamblett müşayiət edib.

Konsertdə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin “O olmasın bu olsun” operettasından olan ariya qeyri-standart metrik formada ifa olunub.

“Qız Qalası” E. Şirinovun son kompozisiyalarından biridir. Bu əsəri yaradarkən, o, İçərişəhərin tarixi əzəmətindən ilham alıb.

Caz gecəsi Azərbaycan xalq mahnısı olan “Sarı Gəlin” ifası ilə yekunlaşıb. Bu ifa Hamblettin təqdimatında əzəmətli və davamlı templə başlayan kədərli melodiya bütün auditoriyanı valeh edib. Məşhur ABŞ zərb ifaçısı (əvvəllər Şik Korea və Rey Çarlzla birgə çıxış etmiş) Ceff Ballard konsert haqqında rəyini bu cür ifadə edib: “Ehtiraslı. Düşüncəli. Elçin Şirinovun orijinal kompozisiyalarını dinləmək olduqca maraqlıdır. Trionun virtuoz və ahəngdar ifası ipək kimi hamardır. Afərin!”

​v

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR