Nəsibə Zeynalovanın 100 illiyi münasibəti ilə yubiley gecəsi keçirilib

Nəsibə Zeynalovanın 100 illiyi münasibəti ilə yubiley gecəsi keçirilib
# 25 noyabr 2016 11:11 (UTC +04:00)

Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibəti ilə yubiley gecəsi keçirilib.

APA-nın məlumatına görə, tədbir Azərbaycan prezidentinin Nəsibə Zeynalovanın 100 illik yubileyi haqqında sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub. Mərasimdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, sənətkarın yaxınları iştirak edib.

Yubiley gecəsində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev aktrisanın həyat yoluna nəzər salıb. Bildirib ki, Nəsibə Zeynalova qüdrətli sənətkar kimi parlaq yaradıcılıq yolu keçib və yüksək fitri istedadı sayəsində Azərbaycanın çoxəsrlik zəngin mədəniyyəti salnaməsində silinməz iz qoyub.

Nazir müavini bildirib ki, Nəsibə Zeynalovanın yubiley tədbirləri il ərzində müxtəlif mədəniyyət ocaqlarında qeyd olunub, sənətkarın xatirəsi hər zaman xalqın, sənətsevərlərin qəlbində yaşayacaq.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət, Nəsibə Zeynalova ilə birlikdə çalışan aktyorlar sənətkar haqqında xatirələrini bölüşüblər.

Daha sonra Nəsibə Zeynalovanın rol aldığı filmlərdən, tamaşaların lent yazılarından kadrlar nümayiş olunub, oynadığı tamaşalardan parçalar göstərilib.

Aktrisanın oğlu Cahangir Novruzov yubiley tədbirinin təşkilinə, Nəsibə Zeynalovanın xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR