Çindən Azərbaycana 1,5 mln. tut tingi gətirilib

Çindən Azərbaycana 1,5 mln. tut tingi gətirilib
# 02 dekabr 2016 09:02 (UTC +04:00)

Ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi çərçivəsində keçirilən tenderdə qalib gələn Çin şirkəti bu gün 1,5 mln. ədəd 2 illik calaq tinglərini Azərbaycana gətirib.

"APA-Economics"in məlumatına görə, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, bu tinglər hər növ iqlim şəraitinə dözümlüdür: "Gələn ildən tinglər yarpaq verəcək. Bu tinglər bütün fitosanitar nəzarətdən keçib. Tut tingləri rayonlarda paylanılarkən fermerlərə metodik vəsaitlər də veriləcək. Bundan başqa, bu tinglərin əkin texnologiyasını fermerlərimizə izah etmək üçün Çindən mütəxəssislər gəlib və onlar Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yerlərdə olacaqlar. Tinglər fermerlərə pulsuz paylanacaq. Artıq tinglərin bütün rayonlara paylanılması üçün 40 nəqliyyat vasitəsilə də ayrılıb".

Nazir müavini əlavə edib ki, gələn il baramaçılığın inkişafı üçün yem bazasının yaradılmasında heç bir problem yaşanmayacaq.

Qeyd edək ki, gətirilən tinglərin Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına daşınması və sonradan bölgüyə uyğun olaraq bu rayonlardan ətraf 37 rayona paylanılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR