Daha 10 dini icmaya maliyyə yardımı ayrılıb

Daha 10 dini icmaya maliyyə yardımı ayrılıb
# 06 dekabr 2016 11:36 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DQİDK sədrinin birinci müavini Səyyad Salahlı dini icmalara həyata keçirəcəkləri layihələr çərçivəsində milli-mənəvi dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyi tövsiyə edib.

Eyni zamanda, o, dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağın, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrinin, ümummilli maraqlardan çıxış etmələrinin vacibliyini vurğulayıb. S. Salahlı icmaları radikalizmlə mübarizədə daha fəal olmağa çağırıb, dini icma sədrlərinə müvafiq tövsiyələrini verib.

Astara şəhəri “Qum” məscidi dini icması, Bakı şəhəri Xətai rayonu “Mirtağı” məscidi dini icması, Sumqayıt şəhəri Corat qəsəbə məscidi dini icması, Goranboy rayonu Qızılhacılı qəsəbə məscidi dini icması, Göyçay şəhəri “Mərkəz” məscidi dini icması, Sabirabad rayonu Zəngənə kənd məscidi dini icması, İsmayıllı rayon Basqal qəsəbə məscidi dini icması, Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icması, Masallı rayonu Çaxırlı kənd məscidi dini icması, Salyan rayonu Ərəbqardaşbəyli kəndi “Keçmiş Ərəbbəbirxanlı” məscidi dini icması ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində tədbirlər həyata keçirəcəklər və yerlərdə təşkil edəcəkləri tədbirlərdə iştirakçılara dini maarifləndirmə xarakterli çap məhsulları da təqdim edəcəklər.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən indiyədək 151 dini icmaya maliyyə yardımı ayrılıb. Bunlardan 19-u qeyri-islam, 132-i isə İslam dini icmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR