“Şeyxülislamlığın tarixi” kitabının təqdimatı keçirilib

“Şeyxülislamlığın tarixi” kitabının təqdimatı keçirilib
# 07 dekabr 2016 10:08 (UTC +04:00)

Anar İsgəndərov və Adil Mövlayinin müəllifi oldğu “Şeyxülislamlığın tarixi” kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində çıxış edən QMİ sədri Allahşükür Paşazadə bildirib ki, şeyxülislamlar Azərbaycan dövlətlərinin qurulmasında, milli şüurun formalaşmasında böyük rol oynayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib ki, bu kitab maraqla qarşılanacaq: “Şeyxülislamlıq institutu tarixin sınağından çıxıb, bu gün müstəqil Azərbaycanda dövlət quruculuğunda mühüm rol oynayır. Babam Axund Ağa Əlizadə Azərbaycan Xalq Cümhuriyyəti və sovet Azərbaycanında, Allahşükür Paşazadə sovet Azərbaycanı və müstəqil Azərbaycanda şeyxülislam olublar. Hər iki şeyxülislamın dövründə xalqımız erməni işğalı və soyqırımlarla üzləşib. Şeyxülisllam Axund Ağa Əlizadə Moskvada keçirilən sülh konfransında müharibənin qızışdırılmasının yolverilməz olduğunu bəyan etmişdi. Şeyxülislam Allahşükür Paşazadə isə 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilmiş faciə ilə əlaqədar Mixail Qorbaçova müraciət etmiş, cinayətkarların mühakimə olunmasını tələb etmişdi”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı kitabın Azərbaycanın din tarixinin öyrənilməsi baxımından əhəmiyyətli mənbə olduğunu nəzərə çatdırıb: “Bu cür kitablarla həm tariximizi öyrənir, gənc nəslə çatdırırıq, həm də islam dünyasına çatdırırıq ki, Azərbaycan Qafqazda islamın yayılmasında, qorunmasında özünəməxsus rol oynayıb və oynayır. Bu araşdırmalar davam etməlidir”.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov elmi ictimaiyyətə və xalqa sanballı bir kitab təqdim olunduğunu söyləyib: “Bu kitabda 12 böyük din xadimi haqqında məlumatlar yer alıb. Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə bir ağsaqqal kimi rolu böyükdür. Böyük dövlət xadimi Heydər Əliyev dövlət və din münasibətləri sahəsində şeyxülislam Allahşükür Paşazadənin roluna böyük hörmətlə, diqqətlə yanaşırdı. Bu gün dünyada müharibə və qarşıdurmaların alovlandığı, qaçqınların sayının sürətlə artdığı bir dövrdə Heydər Əliyev kursunun davamçısı prezident İlham Əliyevin apardığı siyasət təqdirəlayiqdir. Bu il dövlət başçısı tərəfindən “Multukulturalizm ili” elan edilib. Bu istiqamətdə aparılan işlərdə şeyxülislam Allahşükür Paşazadənin rolu böyükdür”.

F. Heydərov belə kitabların gələcəkdə də işıq üzü görməsinin vacibliyini vurğulayıb.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov şeyxülislamlığın tarixinin 1300 il olduğunu xatırladıb: “Azərbaycan cənubi və şimali Azərbaycana ayrıldıqdan sonra şimalda bu institut yenidən formalaşıb. Kitabda 12 şeyxülislamın həyatı, irsi geniş araşdırılıb, ikinci şeyxülislam İrəvaninin həyatından da bəhs edilib. Əslində şeyxülislamlığın mərkəzi Tbilisidə, Bakıda olub. Ancaq görün İrəvanda nə qədər azərbaycanlı yaşayıb ki, orada da şeyxülislam olub. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində İrəvanda azərbaycanlıların sayının çox olması səbəbindən orada şeyxülislamlıq institutu formalaşıb”.

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR