Əflatun Amaşov: “İnformasiya təhlükəsizliyi konsepsiyası hazırlanmalıdır”

Əflatun Amaşov: “İnformasiya təhlükəsizliyi konsepsiyası hazırlanmalıdır”
# 07 dekabr 2016 14:44 (UTC +04:00)

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin 2017-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirəsinə həsr olunmuş bugünkü plenar iclasında informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanmasının vacib olduğunu deyib.

APA-nın məlumatına görə, 2017-ci il və qarşıdakı 3 il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası ilə bağlı məqamlara toxunan Ə. Amaşov bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişaf prioritetlərindən biri kimi ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi göstərilib. “Ümumdünya elektron informasiya məkanına inteqrasiya da diqqətimi çəkdi. Belə vacib məsələlərin hələ də prioritet olaraq qalması və üzərindən bir cümlə ilə keçilməsi mənə qəribə gəlir. Proqnoz verilirsə, sahə öyrənilməli, kifayət qədər əhatəli proqnoz verilməlidir. Hətta sırf informasiya təhlükəsizliyi məsələsi ayrıca göstərilməlidir. Hesab edirəm ki, konkret bu istiqamətdəki fəaliyyət informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanmasına köklənməlidir” - deyə, deputat əlavə edib.

Büdcə layihəsi üzərində kifayət qədər işin aparıldığını deyən Ə. Amaşov bildirib ki, layihədə iqtisadi tarazlığı saxlamaq, ölkənin müdafiə qabiliyyətini daha da artırmaq, vətəndaşların sosial rifahını diqqətdə saxlamaq əsas götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR