Azad Rəhimov: “İslam Həmrəylik Oyunlarına maraq böyükdü”

Azad Rəhimov: “İslam Həmrəylik Oyunlarına maraq böyükdü”
# 08 dekabr 2016 10:58 (UTC +04:00)

“Açılış mərasiminə 5 aydan bir qədər çox vaxt qalır. Əsas işlər bu gündən sonra başlayır. Hər şey qrafik üzrə aparılır. Hansısa gecikmə və problem yoxdu”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə bu gün Bakıda “Chef de Mission” seminarı öz işinə başlayıb. 50 ölkədən 71 iştirakçının qatıldığı tədbir 2 gün davam edəcək. Seminara gələnlər arasında İslam Həmrəyliyi İdman Federasiyasından baş katib Faisal Abdulaziz Al-Nassar, onun müavini Saeed Abdulghaffar Hussein və ümumilikdə 6 nəfər var. Tədbirin keçirilməsində əsas məqsəd İslamiadaya qatılacaq ölkələrin oyunlara təhkim olunan missiya rəhbərlərinin iştirakı ilə hazırlıq prosesi ilə yaxından tanış olub, müzakirələr aparmaqdı.

Nazir bildirib ki, 50 ölkə nümayəndəsinin gəlməsi ən azı bu qədər ölkənin yarışa qatılacağı deməkdi: “Biz danışıqları davam etdiririk. İstəyirik ki, bundan da çox ölkə gəlsin. İslamiadada iştirak edəcək ölkələrin şef-de-missionları Bakıdadı. Onların hər bir sualı burda lazımınca cavablandırılır”.

Azad Rəhimov sponsorlarla danışıqların davam etdiyini deyib. Onun sözlərinə görə, yerli və xarici sponsorlarla müqavilələr hazırlanıb: “Əsas sponsor sayı 8 olacaq. Amma yarışa maraq böyükdü. Təbii ki, digər şirkətlərlə də danışıqlar olacaq. SOCAR, BP, “Coca Cola” kimi şirkətlərlə danışıqlar gedir”.

Səfərdən qayıdıb iclasa yeni qoşulduğunu qeyd edən nazir Budapeştdə idman nazirlərinin görüşündən də danışıb. O, Avropa Oyunları zamanı əməliyyat komitəsində 500-dən çox xarici, 1000-dən çox yerli mütəxəssisin çalışdığını xatırladıb: “Bu dəfə onların sayı 10 qat azdı. İslamiadanın əməliyyat komitəsində əcnəbilərin sayı 50-dən artıqdı. Bu da departament rəhbərləridi”.

İslam Həmrəyliyi İdman Federasiyasından baş katibi Faisal Abdulaziz Al-Nassar isə çıxışında hər şeydan razı qaldıqlarını bildirib: “Azərbaycan tərəfinin heyrətamiz işlər gördüyünü xüsusi vurğulamalıyam”.

O, əvvəlki İslam Həmrəyliyi Oyunları ilə Bakıda baş tutacaq yarışı da müqayisə edib: “Artıq iştirakçı ölkələrin sayını 50-yə çatdırmışıq. Bu özü yenilikdi. Bakı Avropa Oyunları keçirib, maddi-texniki bazası yüksəkdi. İdmanda da öncüllərdənsiniz. İnanıram ki, hər şey yüksək səviyyədə olacaq”.

Sonda ölkəmizə gəlmək üçün futbol yığmaları ilə danışıqların getdiyi də vurğulanıb. Bildirilib ki, UEFA və FİFA ilə danışıqlar aparılır və bu günlərdə siyahı dəqiqləşəcək.

Qeyd edək ki, seminar çərçivəsində Əməliyyat Komitəsinin hər bir şöbəsi Oyunlar zamanı Milli Olimpiya Komitələrinə təklif edilən xidmətlər haqqında məlumatlar təqdim edəcək və nəticədə missiya rəhbərlərinin suallarına aydınlıq gətirəcəklər.

Yığıncağın ilk günü nəqliyyat, bilet satışı, təhlükəsizlik, açılış və bağlanış mərasimləri və digər mühüm mövzular müzakirə olunacaq. Seminarın ikinci günü isə missiya rəhbərləri idman arenalarına baxış keçirəcəklər. Nümayəndə rəhbərləri Üzgüçülük Mərkəzi, Atıcılıq Mərkəzi, Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Atletlər Kəndində olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR