Qafqaz Müsəlmanları İdarəsi Şabranda (Dəvəçi-red.) 1700 hektar ərazinin qurumdan alınmasına aydınlıq gətirib.
APA-nın məlumatına görə, bu gün Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının jurnalistlər üçün təşkil etdiyi iki həftəlik "Milli-mənəvi dəyərlər və KİV" mövzusunda treninqlərin başa çatması ilə əlaqədar keçirilən tədbirdə QMİ sədri Allahşükür Paşazadə həmin torpağın QMİ tərəfindən dövlətə qaytarıldığını söyləyib.
O bildirib ki, Özbəkistandan qovulan zaman ahıska türkləri Azərbaycana gəliblər: "Onlar məni tanıyırdılar və mənə inanırdılar. O zaman mən Heydər Əliyevə müraciət etdim və o torpaq ayrıldı. O torpaqlarda Özbəkistandan gələnlər yerləşdirildi. Artıq o insanların problemləri həll olunub. Bu gün o torpağa mənim ehtiyacım yoxdur. Ona görə də biz özümüz o torpaqları dövlətə verdik".