“Take 6” vokal seksteti Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib

“Take 6” vokal seksteti Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib
# 09 dekabr 2016 12:06 (UTC +04:00)

Məşhur “Take 6” vokal seksteti Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib.

Mərkəzdən APA-ya verilən məlumata görə, ABŞ-ın ən çox titul qazanan, eləcə də 10 dəfə “Qremmi” mükafatı laureatı olan akapella qrupu qospel, caz, R&B və pop musiqi janrlarında ifa edir. “Take 6” (Klod Maknayt, Mark Kibl, Coel Kibl, Deyv Tomas, Elvin Çea, Kristian Dentli) Bakı tamaşaçılarına müxtəlif üslubların sintez olunduğu, özünəməxsus improvizələrlə zəngin konsert proqramı göstərib.

Qrup Çarli Çaplinin “Smile” mahnısı kimi dünya hitlərini, Piter Qebriel və Stinqin kompozisiyalarını və s. ifa edib.

Qeyd edək ki, qrup 1980-cı ildə ABŞ-ın Alabama ştatındakı Okvud Kollecində Klod Maknayt tərəfindən “The Gentleman’s Estate Quartet” adı ilə yaradılıb. Kollektiv daha sonra “Alliance” kimi tanınıb. 1987-ci ildə “Reprise Records” şirkəti ilə müqavilə bağlayan zaman artıq eyniadlı musiqi kollektivinin olduğu bəlli olub və qrup “Take 6” adlandırılıb.

“Take 6” qrupunun ilk albomu dinləyicilərin, caz, pop tənqidçilərinin rəğbətini qazanıb və bununla da kollektiv məşhurlaşıb. “6-lığın” hər bir musiqi albomu dünya cazında hadisəyə çevrilib və milyonlarla tirajla satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR