Kukla Teatrının yaranmasının 85 illiyi qeyd olunub

Kukla Teatrının yaranmasının 85 illiyi qeyd olunub
# 28 dekabr 2016 15:28 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət və başqaları iştirak edib.


Teatrın yaranma tarixindən danışan nazir qeyd edib ki, A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daim axtarışda olan və peşəkar kollektivə malik mədəniyyət ocağıdır: “Bu teatrın əsas məqsədi uşaqlarda teatra sevgi və məhəbbət oyatmaqdan ibarətdir. Mədəniyyət ocağının vəzifəsi həm də ondan ibarətdir ki, Azərbaycanın tarixini, ədəbiyyatını, nağıllarını yaşatsın və təbliğ etsin”.

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət Kukla Teatrının Azərbaycan teatr məkanındakı yerindən danışıb, kollektivə işlərində uğurlar arzu edib.

Tədbirdə teatrın əməkdaşlarına Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının diplom və fəxri fərmanları təqdim olunub.

Mərasimdə teatrın repertuarında yer alan tamaşalardan ibarət “Konsert-tamaşa - 85” adlı proqram nümayiş olunub.

Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə Molla Ağa Bəbirli qoyub. Azərbaycan və rus dillərində tamaşalar təqdim edən teatra 1964-cü il aprel ayının 15-də dövlət statusu verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR