Yüzə yaxın əmlak hərraca çıxarılır

Yüzə yaxın əmlak hərraca çıxarılır
# 09 yanvar 2017 07:01 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 7-də keçiriləcək hərraca 95 əmlak çıxarılıb.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, hərracda 20 səhmdar cəmiyyəti, 62 kiçik dövlət müəssisəsi və 13 istifadəsiz qeyri-yaşayış sahəsini özəlləşdirmək təklif olunur.

Hərracda istənilən fiziki və hüquqi şəxs iştirak edə bilər. Vətəndaş hərraca çıxarılan hər bir əmlakla komitənin www.privatization.az saytında tanış ola bilir. Əvvəlcə hərrac tarixinə görə elan linkinə daxil olur, elanda səhmdar cəmiyyəti, kiçik dövlət müəssisə və obyekti, eləcə də istifadəsiz yaşayış sahəsi və nəqliyyat vasitəsi üzrə ayrıca göstərilmiş linkə keçir. Burada istədiyi əmlakı seçərək baxır, əgər bəyəndiyi əmlakdırsa elə həmin səhifədəcə “sifariş ver” düyməsini sıxır. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul ediləcək. Bununla əmlaka elektron sifariş verərək əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi də elektron qaydada ödəyir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.

Hərracda iştirak edərək sifariş verdiyi bir və ya bir neçə əmlakın sahibi ola bilir. Əgər hərracda qalib ola bilməsə, ödəmiş olduğu 10% beh məbləği 10 gün ərzində vətəndaşa geri qaytarılır.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri Bakı, Gəncə, Sumqayıt, Daşkəsən, Salyan, Mingəçevir, Şəki və digər şəhər və ya rayonlarda yerləşir. Hərraca çıxarılan bir çox əmlaklar torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Ən yüksək start qiyməti ilə təklif olunan əmlak paytaxtın Xəzər rayonunda yerləşən "Aydınlıq" şadlıq evidir. Belə ki, hərracda iddiaçılar bu əmlaka qoyulan 179 min ilkin satış qiymətindən yuxarı qiymət təklif etməli olacaq. Hərracda yüksək start qiyməti ilə seçilən əmlaklar Xətai rayonundakı "Araz" kafesi və Binəqədi rayonundakı 9 saylı mağazadır. Bu əmlaklar müvafiq olaraq 120 min və 100 min 300 manata hərraca çıxarılıb. 13 istifadəsiz qeyri-yaşayış sahəsinin hamısı paytaxtda yerləşir. Bu əmlakların hərrac qiymətləri sahəsindən asılı olaraq 20-70 min manat arasında dəyişir.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında "Daşkəsən Aqrotexservis", "Lənkəran Taxıl", "Sabirabad Mexanikləşdirmə", "Xırdalan Nəqliyyat", "Zaqatala Fındıq", "Əli Bayramlı Aqrotəmir" kimi səhmdar cəmiyyətlər var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR