Azərbaycanın Dubaydakı baş konsulu Şarca Universitetinin direktoru ilə görüşüb

Azərbaycanın Dubaydakı baş konsulu Şarca Universitetinin direktoru ilə görüşüb
# 09 yanvar 2017 12:48 (UTC +04:00)

Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə Şarca Universitetinin direktoru Professor Həmid Əl Nəimi ilə görüşüb.

Baş konsulluqdan APA-ya bildirilib ki, görüşdə Azərbaycandakı ali təhsil müəssisələri ilə Şarca Universiteti arasında ikili əməkdaşlığın perspektivləri və birgə layihələrin keçirilməsi yolları barədə fikir mübadiləsi aparılıb. Pərviz İsmayılzadə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud əlaqələrin yüksək səviyyədə olmasından danışıb. Baş konsul iki ölkənin ictimaiyyətində, universitetlərində çoxmədəniyyətli mühitin formalaşması və inkişafına dəstək verilməsi xüsusiyyətinin bu ölkələrin ortaq müsbət mədəni dəyəri olduğunu vurğulayıb.


P. İsmayılzadə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ümumi məlumatı və torpaqlarımızın 20 faizinin hələ də düşmən tapdağı altında olduğunu qarşı tərəfin diqqətinə çatdırdıqdan sonra, BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edib. Baş konsul, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən ali məktəblərin digər ölkələrin universitetləri ilə əməkdaşlıq etmək niyyətləri barədə məlumat verib. O, Şarca Universitetinin bu növ təklif ilə qarşılaşacağı və müsbət yanaşacağı təqdirdə, iki ölkə arasında mövcud dostluq münasibətlərinə xələl gətirəcəyinə şübhə olmadığını bildirib.

Həmid Əl Nəimi universitet rəhbərliyinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Ermənistan Respublikasının universitetləri ilə əməkdaşlıq etməyəcəyinə dair təminat verib.

Baş konsul Həmid Əl Nəimiyə Azərbaycan prezidenti İlham Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında Graeme H. Uilsonun müəllifi olduğu “İlham Portrait of a President” kitabını təqdim edib. P. İsmayılzadə həmin kitabdan Şarca Universitetinin 11 kitabxanasının hər birinə ayrı-ayrılıqda 20 nüsxə hədiyyə edəcəyini bildirib.


Görüşdən sonra universitetin tibb kolleci və hospitalında, stomatologiya, əczaçılıq, mühəndislik, elm və ədəbiyyat, humanitar və sosial elmlər fakültələrinin daxili imkanları ilə daha yaxından tanış olmaq məqsədilə baş konsul üçün xüsusi tur təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR