Baş hematoloq: “Ölkədə 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır”

Baş hematoloq: “Ölkədə 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır”
# 11 yanvar 2017 09:27 (UTC +04:00)

Hazırda Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov bildirib ki, qanın bədxassəli xəstəlikləri müasir təbabətin ən aktual problemlərindəndir. Bu aktuallıq onların mürəkkəbliyi, sosial əhəmiyyəti, ağır kliniki gedişi və yüksək ölüm riski ilə şərtlənir.

Baş hematoloq vurğulayıb ki, dünyada bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10 faizini məhz qanın bədxassəli xəstəlikləri təşkil edir: “Uşaq və gənc yaşlara bədxassəli şişlərdən ölüm hallarının 50 faizə yaxın olması diqqəti cəlb edir. Narahatedici amillərdən biri də odur ki, 15 yaşa qədər olan uşaqlar arasında qanın bədxassəli xəstəlikləri ölümün əsas səbəblərindən biridir”.

Ç. Əsədov vurğulayıb ki, qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə əsasən əmək qabiliyyəti yaşında olan insanların və uşaqların düçar olması, müayinə və müalicənin xəstələr üçün ağır maddi yük olması onu sosial əhəmiyyətli xəstəliklər hesab etməyə imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR