Misir prezidentinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mükafatı təqdim edilib

Misir prezidentinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mükafatı təqdim edilib
# 16 yanvar 2017 08:25 (UTC +04:00)

Misir Ərəb Respublikası prezidenti Əbdülfəttah əs-Sisi bölgədə və Ərəb dünyasında terrorla mübarizədəki roluna görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) mükafatı ilə təltif olunub.

Diasporla İş üzrə Komitəsindən APA-ya bildirilib ki, mükafat Prezident Sarayında NGBM-in nümayəndə heyətinin iştirakı ilə keçirilən xüsusi mərasimdə Əbdülfəttah əs-Sisiyə təqdim edilib. Misir prezidenti bu mükafatı yüksək qiymətləndirərək NGBM-in ailəsinə qəbul olunmasından məmnunluğunu bildirib. Əbdülfəttah əs-Sisi Mərkəzin müxtəlif sivilizasiyalar və dinlər arasında tolerantlıq və dialoq dəyərlərini müdafiə etməyə çağıran mesajını təqdir edib, xüsusilə Qahirədə təşkil edilən NGBM-in XI Ali Səviyyəli Toplantısının və müzakirə edilən mövzuların region üçün əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə Misir prezidentinə V Qlobal Bakı Forumunda iştirakı ilə bağlı NGBM-in dəvəti çatdırılıb. Əbdülfəttah əs-Sisi artıq Davos İqtisadi Forumunun siyasi alternativinə çevrilən Qlobal Bakı Forumunda ölkəsinin ali səviyyədə təmsil olunacağını bildirib.

Görüşdə NGBM-in həmsədri İsmail Seragəldin, Makedoniya prezidenti Geroge İvanov, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın keçmiş prezidenti Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq hökumət başçısı Zlatko Laqumciya, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Albaniyanın sabiq prezidenti Rexhep Meydani, Rumıniyanın sabiq dövlət başçısı Emil Konstantinesku, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Livanın keçmiş prezidenti Amine Gemayel, Moldovanın sabiq dövlət başçısı Petru Luçinski, Nigeriyanın eks-prezidenti Olusegun Obasanjo, Xorvatiyanın keçmiş prezidenti İvo Josipoviç, Ekvadorun eks-prezidenti Rosalia Arteago, İordaniyanın keçmiş paş naziri Taher Masri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, NGBM-in baş katibi Rövşən Muradov və təşkilatın digər üzvlərindən ibarət nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ilin sentyabrında xalqlar və mədəniyyətlər arasında bilik, tolerantlıq, dialoq və anlaşmanı inkişaf etdirmək məqsədilə yaradılıb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR