"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC təşkilatların təchizatına başlayıb

"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC təşkilatların təchizatına başlayıb
# 06 fevral 2017 14:40 (UTC +04:00)

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu ildən etibarən satınalan təşkilatların (təhsil müəssisələri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, hərbi hissələri, digər dövlət obyektləri və s.) təchizatının həyata keçirilməsinə başlayıb.

Cəmiyyətdən “APA-Economics”ə verilən məlumata görə, cəmiyyət təchizat səviyyəsini öyrənmək məqsədi ilə regionlarda satınalan təşkilatlarla maarifləndirici görüşlərə başlayıb. Abşeron Regional Bölməsi üzrə (Sumqayıt şəhəri, Abşeron rayonu, Xızı rayonu) Sumqayıt şəhərində dövlət satınalan təşkilatların nümayəndələrinin iştirakı ilə regional müşavirə keçirilib.

Müşavirədə Sumqayıt şəhəri və Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri, uşaq bağçaları və xəstəxana nümayəndələri iştirak edib.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İH sədr müavini Xaliq Məmmədov müşavirədə çıxış edərək son illər dövlət başçısının rəhbərliyi ilə qeyri-neft sektorunda həyata keçirilən inkişafdan söz açıb. Bildirilib ki, Azərbaycan prezidenti tərəfindən cəmiyyətin yaradılması aqrar sektorda tədarük zəncirinin formalaşdırılmasına, fermerlərin istehsal etdikləri məhsullarının tədarük olunmasına, eləcə də satınalan müəssisələrin təchizat səviyyəsinin yüksəldilməsinə səbəb olacaq. Cəmiyyət dövlət başçısının tapşırıqları istiqamətində tədarük-təchizat səviyyəsinin yüksəldilməsi üçün regional görüşlər, sorğular, monitorinqlər keçirir.

Regional görüşdə satınalan təşkilatların ərzaq məhsullarına tələbatı elektron portalından (tedaruk.az) istifadə qaydaları, qeydiyyatdan keçmə prosedurları ilə bağlı təlimatlar izah olunub. Tövsiyə olunub ki, hər bir satınalan təşkilat portalda öz tələbatını düzgün yerləşdirməli, dövlət vəsaitlərindən düzgün istifadə edilməsi məqsədi ilə verilən təlabatlar real ehtiyaclara uyğun olmalıdır. Bu istiqamətdə uşaq bağça müdirələrinin, xəstəxana nümayəndələrinin çoxsaylı sualları cavablandırılmış, portalla işləmək bacarıqları ətraflı şərh olunub.

Qeyd edək ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin əsas fəaliyyət istiqaməti ölkənin aqrar sektorunun inkişafına təkan verməkdir. Ölkə prezidentinin sərəncamı ilə cəmiyyətin qarşısına kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, həmçinin dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək kimi məqsədlər qoyulub.

Səhmdar Cəmiyyətin fəaliyyətə başlamasından qısa vaxt keçməsinə baxmayaraq 81 nəfər mərkəzi ofisdə, 53 nəfəri regional bölmələrdə olmaqla 134 nəfərlik təcrübəli kadr potensialı formalaşdırılıb, paytaxtla yanaşı 12 regionda bölmələr, 46 rayonda dayaq məntəqələri yaradılıb, regional bölmələr inzibati bina və lazımi avadanlıqlarla təchiz edilib. Mərkəzi Bakıda olmaqla 12 rayonda xüsusi təyinatlı, dünya standartlarına cavab verən soyuducu tipli depo-anbarlar qurularaq istifadəyə verilib, bu anbarlarda ölkədə istehsal olunan bütün növ ərzaq məhsullarının standartlarına uyğun olaraq uzun müddətli, keyfiyyətli saxlanma şəraiti təmin edilib.

Hesabat dövrü ərzində dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlarla (körpələr evi-uşaq bağçaları, xəstəxanalar və s.) 825 sayda müqavilə bağlanılıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ərzaq tələbatının təmin edilməsi üçün 1835 sayda təchizat nöqtəsi yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR