İran Azərbaycana daha çox qida məhsulu ixrac etmək fikrindədir

İran Azərbaycana daha çox qida məhsulu ixrac etmək fikrindədir
# 13 fevral 2017 14:12 (UTC +04:00)

İran 2017-ci ildə qida məhsullarının ixracat həcmini 4 milyard dollara çatdırmaq niyyətindədir.

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın qida məhsulları və oxşar məhsulların istehsalçıları kooperasiya şirkətinin İdarə Heyətinin sədri və Tehranın Mədən və Sənaye Evinin sədr müavini Mehdi Təfərrüşi deyib.


M. Təfərrüşi bildirib ki, ötən il qida sənayesi 2 milyard dollar həcmində məhsul ixrac edib: “Hazırda Qərb ölkələri tərəfindən Rusiyaya sanksiyalar tətbiq olunduğu üçün iranlı tacirlər üçün əlverişli şərait yaranıb ki, bu ölkəyə ərzaq məhsullarının ixracat həcmini artırsınlar. Biz Rusiyanın qida məhsulları bazarında daha aktiv və geniş iştirak etmək üçün proqram hazırlayırıq”.


M. Təfərrüşi əlavə edib ki, qida məhsullarının ixracatında İran üçün Müstəqil Dövlətlər Birliyi ölkələri prioritetdir: “Bu gün İranın qida məhsulları Azərbaycan və Gürcüstana da ixrac olunur və bu iki ölkə gələcəkdə də bizim ixrac həyata keçirəcəyimiz əsas ölkələrdən olacaqlar”.


Azərbaycanla qida məhsulları sahəsində ticarətin yaxşılaşdığını deyən M. Təfrrüşi qeyd edib ki, hazırda Azərbaycanla əməkdaşlıq yaxşı şərtlər əsasında aparılır: “Hər iki ölkə tacirləri qida məhsulları sahəsində əməkdaşlığını artırır. İranlı tacirlərin qida məhsullarının ixracatı sahəsində ən böyük problemi valyutanın daşınması məsələsidir. Baxmayaraq ki, nüvə texnologiyası sahəsində Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunduqdan sonra iranlı istehsalçılar üçün problemlərin çoxu həll olunub, lakin valyutanın daşınması problemi qalmaqdadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR