Dövlət Komitəsi daha 12 dini icmaya maliyyə yardımı ayırıb

Dövlət Komitəsi daha 12 dini icmaya maliyyə yardımı ayırıb
# 13 fevral 2017 14:45 (UTC +04:00)

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 12 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib. Komitədən APA-ya verilən məlumata görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dini icma sədrlərinə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi, radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini tövsiyə edib.

Maliyyə yardımı ayrılan Ağsu rayon Çiyni kənd məscidi dini icması “İslam həmrəyliyində məzhəblərarası tolerantlığın önəmi”, Masallı şəhəri Qabaq Dadva məhəllə məscidi dini icması “İslamda həmrəylik və sülh çağırışları”, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbə məscidi dini icması “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti”, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “İmam Rza” məscidi dini icması “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin təbliğinin rolu”, Lənkəran rayonu Cil kəndi "Hüseyniyyə" məscidi dini icması “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”, Kürdəmir şəhər (1) məscidi dini icması“ İslamda həmrəylik şüuru”, Sumqayıt Şəhəri, Sumqayıt stansiyası yaşayış massivi məscidi “Vəhdət” dini icması “İslam həmrəyliyi - dini vəhdətə çağırış”, Quba rayonu Xucbala kənd məscidi dini icması “İslam həmrəylik, bərabərlik dinidir”, Neftçala rayonu Xolqarabucaq kəndi “İmam Hüseyn” məscidi dini icması “Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri”, Ağcabədi rayonu Salmanbəyli kəndi "Heydər" məscidi dini icması“ İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı”, Sabirabad rayonu Əsgərbəyli kəndi “İmam Əli” adına məscidin dini icması “Milli-mənəvi dəyərlərimiz və müasirlik”, Daşkəsən şəhəri “Cümə” məscidi dini icması“ Azərbaycan tolerantlığın məskənidir” layihələrini həyata keçirəcəklər. Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 168 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 149-u isə İslam dini icmasıdır. Dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR