Antisanitar şəraitdə qablaşdırılmış 170 kq ət aşkarlanıb

Antisanitar şəraitdə qablaşdırılmış 170 kq ət aşkarlanıb
# 14 fevral 2017 13:54 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun Xaçmaz rayonu üzrə 3-cü tağımın əməkdaşları tərəfindən Xaçmaz rayonunun Armudpadar kəndinin ərazisində Xaçmaz şəhəri, İ. Qayıbov küçəsi, ev 43-də yaşayan İsmayılov İsmayıl İsmayıl oğluna məxsus “Mersedens-benz 190” markalı 10-ZO-837 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxış zamanı avtomobilin arxa oturacağında və yük yerində Xaçmaz rayonu Armudpadar kənd sakini Məmmədov Aydın Əhməd oğluna məxsus qida məhsulları üçün istifadəsi nəzərə tutulmayan deşilmiş, cırılmış vəziyyətdə qara polietilen torbalarda, antisanitar şəraitdə qablaşdırılmış ümumi çəkisi 170 kq olan sümükdən ayrılmış (obvalka olunmuş) ət və 2 ədəd heyvan ürəyi aşkarlanıb.

Həmin sümükdən ayrılmış ətin mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmayıb. Ətin qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək üçün içərisində sümükdən ayrılmış ət olan həmin avtomobil Respublika Baytarlıq Laboratoriyasına gətirilib.

Qida üçün yararlığı şübhə doğuran sümükdən ayrılmış ətdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına təqdim edilib.

Laboratoriya müayinələrinin nəticələri məlum olana kimi ümumi çəkisi 170 kq olan sümüksüz ət laboratoriyanın soyuducusunda müvəqqəti saxlanca qoyulub.

Aşkarlanan sümüksüz ətdən götürülmüş nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR