Ötən il SKMF xətti ilə verilən kreditlərin 64%-i kənd təsərrüfatı məhsullarının istehsalı sahəsinə yönəldilib

Ötən il SKMF xətti ilə verilən kreditlərin 64%-i kənd təsərrüfatı məhsullarının istehsalı sahəsinə yönəldilib
# 15 fevral 2017 06:46 (UTC +04:00)

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı il ərzində vəsaitlərinin istifadəsi haqqında məlumatı açıqlayıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, ötən il ərzində kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı 2336 layihə, müxtəlif sənaye məhsullarının istehsalı və emalı ilə bağlı 121 layihə, kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı 12 layihə və xidmət (infrastruktur) sahələrinin inkişafı ilə bağlı 8 layihə olmaqla ümumilikdə 2477 layihə maliyyələşdirilib.

SKMF xətti ilə bu layihələrin maliyyələşdirilməsinə 189 mln. 420,1 min manat vəsait yönəldilib. Bu vəsaitin 63,8%-i və ya 120 mln. 876,8 min manatı kənd təsərrüfatı məhsullarının istehsalına, 17,2%-i və ya 32 mln. 506,3 min manatı müxtəlif sənaye məhsullarının istehsalı və emalına, 11,9%-i və ya 22 mln. 542 min manatı kənd təsərrüfatı məhsullarının emalına, 7,1%-i və ya 13 mln. 495 min manatı xidmət (infrastruktur) sahələrinin inkişafına ayrılıb.

Fondun məlumatlarını təhlil edəndə aydın olur ki, 2402 layihəyə kiçik həcmli kredit, 41 layihəyə böyük həcmli kredit, 34 layihəyə isə orta həcmli kredit verilib.

Qeyd edək ki, maliyyələşdirilən layihələr hesabına kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 5213, müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahəsində 1112, xidmətin (infrastruktur) inkişafı sahəsində 1107 və kənd təsərrüfatı məhsullarının emalı sahəsində 674 yeni iş yeri olmaqla ümumilikdə 8106 yeni iş yeri yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR