Ötən ay əsas kapitala 954,2 milyon manat vəsait yönəldilib

Ötən ay əsas kapitala 954,2 milyon manat vəsait yönəldilib
# 17 fevral 2017 14:34 (UTC +04:00)

2017-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 954,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, istifadə olunmuş vəsaitin 851,8 milyon manatı və ya 89,3 faizi məhsul istehsalı obyektlərinin, 73,9 milyon manatı (7,7 faizi) xidmət sahələri üzrə obyektlərin, 28,5 milyon manatı (3 faizi) isə ümumi sahəsi 107,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Ümumi sərmayənin 18 faizi dövlət, 82 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 70,6 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 31,5 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 805,5 milyon manat, bank kreditləri 78,6 milyon manat, büdcə vəsaitləri 33,2 milyon manat, büdcədənkənar fondların vəsaitləri 8,4 milyon manat, əhalinin şəxsi vəsaitləri 28,1 milyon manat, sair vəsaitlər 0,4 milyon manat təşkil edib.

2017-ci ilin yanvar ayında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 82,2 faizi sənayeyə, 9,1 faizi tikinti, 4,1 faizi informasiya və rabitəyə, 2,9 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinə, 1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,3 faizi səhiyyə, hər birində 0,1 faiz olmaqla ticarət, dövlət idarəetməsi və müdafiə; sosial təminat, təhsil, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Ötən ay neft sektoruna 751,5 milyon manatlıq vəsait yönəldilib. Qeyri-neft sektorunun inkişafına sərf edilmiş 202,7 milyon manatlıq vəsaitin 32,4 milyon manatı (ümumi sərmayənin 3,4 faizi) qeyri-neft sənayesi sektorunda istifadə edilib.

2017-ci ilin yanvar ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 654,1 milyon manat vəsait yönəldilib.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 638 milyon manatı (97,5 faizi) Böyük Britaniya, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ, Norveç və Yaponiya sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 62,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10 faizini əsaslı təmir, 6,1 faizini cari təmir, 21,2 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 91 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR