Rafiq Əziz: “O mənzərəni görəndən sonra Xocalı faciəsini yaşamış uşaqlara kömək etməyi özümə borc bildim” - MÜSAHİBƏ

Rafiq Əziz: “O mənzərəni görəndən sonra Xocalı faciəsini yaşamış uşaqlara kömək etməyi özümə borc bildim” - <span style="color: red;">MÜSAHİBƏ
# 23 fevral 2017 13:03 (UTC +04:00)

İstanbuldakı Yedditəpə Universitetinin müəllimi, professor Rafiq Əzizin APA-ya müsahibəsi

- Uzun müddətdən bəri İstanbuldasınız, Türkiyə sizi çox yaxşı tanıyır. Bizim oxucularımız da sizi tanıya bilərmi?

- 1983-cü ildə Azərbaycan Təhsil Nazirliyində işə başladım. Qısa müddətdən sonra məlum oldu ki, Azərbaycandakı 4266 məktəbin 70%-də ixtisaslı təsviri incəsənət müəllimi yoxdur. Azərbaycanın rayonlarını gəzərək hər məktəbdə istedadlı şagirdlər olduğunu müəyyənləşdirdim. O vaxt Moskvada Krupskaya adına təsviri incəsənət üzrə qiyabi xalq universiteti vardı, onu Azərbaycanda uşaqlar üçün tətbiq etməyi qərarlaşdırdım. Əvvəlcə öz emalatxanamın nəzdində şagirdlərə təsviri sənət dərsi verməyə başladım, işi Azərbaycan miqyasına yayandan sonra Təhsil Nazirliyi də bu işə qoşuldu. İldə bir dəfə yaradıcı uşaqların simpoziumunu keçirməyə başladıq. Mərkəzi Komitənin təlimatçısıyla eyni kupedə rayona gedərkən onun da bu işə çox həvəskar olduğunu gördüm, Bakıya qayıdandan sonra Vaqif Ələkbərov məni dəvət edərək planlarımı öyrəndi. 1989-cu ildə MK-nın qərarıyla İstedadlı Uşaqların Yay Yaradıcılıq Məktəbi yarandı və məni oraya direktor təyin etdilər. İşlər inkişaf edəndən sonra mən “Azərbaycan pioneri” qəzeti vasitəsilə də istedadlı uşaqlara təsviri sənət dərsi verməyə başladım. Onda başqa respublikalardan - Ermənistan, Gürcüstan, Türkmənistandan məktublar alır, gördüyüm işin təqdir edildiyini görürdüm. Qəzetin o nömrələrinin arxivi məndə durur. Ondan sonra Azərbaycan Rəssamlar İttifaqına müraciət edib Xalq Universiteti yaratmaq istədiyimi izah etdim. Sədr Fərhad Xəlilov mənim təklifimi müsbət qiymətləndirərək təcili qərar qəbul etdi. Ümumiyyətlə, indiyə qədərki fəaliyyətimdə hörmətli Fərhad Xəlilov daim məni dəstəkləyib, ona həmişə minnətdarlıq borcum var. Mən qiyabi incəsənət mərkəzimizi rəsmiləşdirəndən 1 ay sonra Xocalı soyqırımı baş verdi. Faciədən bir neçə gün sonra bizə zəng etdilər ki, psixoloqlarınızla birlikdə təcili yardım məntəqələrinə gedərək Xocalıdan gələn uşaqların ağır psixoloji vəziyyətdən çıxmalarına kömək edin. Uşaqlardan biri qəzetdəki yazılarımdan məni tanıyıb dedi ki, mən də sizin qiyabi şagirdiniz olmuşam. O mənzərəni görəndən sonra mən Xocalı faciəsini yaşamış uşaqlara kömək etməyi özümə borc bildim. Fərhad müəllimlə danışandan sonra Xocalı mövzusundakı tabloları götürərək İstanbula gəldim. Heç kimi tanımırdım, küçədə qabağıma çıxan hər kəsdən Xocalı soyqırımına dair rəsm əsərlərini nümayiş etdirmək üçün kömək istəyirdim. Axırda məni Lions klubuna yönləndirdilər. İlk sərgiyə Türkiyənin TV kanalları yaxından maraq göstərdilər. Jurnalistlər mənə dedilər ki, bu sərgini görəndən sonra Qarabağa gedib araşdırma aparmağımıza gərək qalmadı. Sərgim Taksim Sənət Qalereyasında açıq qaldı, Lions klubu mənə məktub verdi ki, təcili Xocalı soyqırımından zərər görmüş 30 uşağı İstanbula gətir. Fərhad Xəlilovun köməyi ilə uşaqları Naxçıvana gətirdim, Türkiyə tərəfində Lions klubunun avtobusu bizi gözləyirdi. Bir ay İstanbulda o uşaqları müalicə etdirdik. İSTEK (İstanbul Eyitim ve Kültür Vakfı) Vəqfinin başqanı, İstanbulun keçmiş meri Bədrəddin Dalan TV-də xəbərləri görüb məni tapdı və Xocalıdan 10 uşağı oxutdurmaq istədiyini dedi. 30 uşaq 15-16 yaşındaydı, onları götürüb Dalanın məktubuyla Bakıya getdim, 10 nəfər 8-9 yaşlı uşaq seçdik. Naxçıvandan keçəndə o vaxt Ali Məclisin sədri olan mərhum ulu öndərimiz Heydər Əliyev bizi qəbul etdi. Naxçıvanlı bir şəhid övladını da İstanbula oxumağa aparmağımızı istədi. Mən məmnuniyyətlə qəbul etdim. Ondan sonra hər dəfə Naxçıvandan keçəndə sərhəd qapıları daima üzümüzə açıq oldu. 1992-ci il sentyabrın 15-də 11 nəfər uşağı Bədrəddin Dalana təhvil verdim. Onlar İSTEK Vəqfinin məktəblərində oxudular, indi hamısının yaxşı işi var, Elnarə Məmmədova Bədrəddin Dalanın qurduğu Yedditəpə Universitetində işləyir, bu yaxınlarda doktorluq dissertasiyası müdafiə edəcək. Dünən Dəniz Muzeyində açdığımız sərgidəki tabloların 59-u Xocalı faciəsini görən uşaqlar tərəfindən çəkilmişdi. İlk dəfə o qədər geniş miqyaslı sərginin təşkilatçılığına görə Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Məsim Hacıyevə, konsulluğun bütün əməkdaşlarına bir daha təşəkkür edirəm.

- 1997-ci ildə açdığınız Xocalı sərgisindən sonra sizinlə bağlı xoşagəlməz hadisə yaşandığını xatırlayıram. Üstündən 20 il keçəndən sonra o hadisə ilə bağlı nə demək istərdiniz?

- Sərgini açandan sonra axşam saat 10-da evə getdim, həyat yoldaşım dedi ki, təcili İSTEK Vəqfiylə əlaqə saxla, Bədrəddin Dalan səni axtarır. Otağına girəndə Dalan məni əsəbi şəkildə qarşılayıb dedi ki, sən nə işlərlə məşğulsan, harada sərgi açmısan? Mənə məlumat gəlib ki, sənin açdığın Xocalı sərgisinə görə erməni mənşəli vətəndaşlar uşaqlarını bizim məktəblərimizdən çıxarırlar. Mən soruşdum ki, hansı məktəblərinizdən çıxarırlar? Dedi Kamal Atatürk liseyindən. Sizin bu qədər məktəbiniz var, niyə məhz Kamal Atatürk liseyindən çıxarırlar? Bunu deyəndə Dalan fikrə getdi, dedi ki, sən haqlısan, bu məlumatı səni sevməyən insanlar bizə qərəzli şəkildə çatdırıblar. Get, işlərinlə məşğul ol.

- Bəs qərəzli xəbəri kim çatdırmışdı?

- Məktəbin direktoruyla orada işləyən bir azərbaycanlı təsviri sənət müəllimi. Bədrəddin Dalan mənə dedi ki, işində ol, unutma ki, köpəklər sürətlə gedən insanın dabanını dişləyirlər. Mən Bədrəddin Dalanın sərginin açılışına göndərdiyi çələngin üzərindəki kağızı çıxarıb saxlamışdım ki, ona təşəkkür edəndə göstərim. Başqana o kağızı göstərəndə hər şey aydın olmuşdu. Dalana daha əvvəl mənim rus casusu olduğumu belə yazıbmışlar. O, mənim bütün fəaliyyətimi araşdırtdırandan sonra hər şeyin qərəzli olduğunu görmüşdü. Bədrəddin bəy 1994-cü ildə özü mənə demişdi ki, artıq Bakıdan buraya köç, bu uşaqların bütün zəhmətini sən çəkirsən, İstanbulda olmağın lazımdır. Məni sənət məsələləri üzrə özünün müşaviri təyin etmişdi. 1996-cı ildə Yedditəpə Universiteti açılanda mən burada müəllim kimi fəaliyyətə başladım. Bu günə qədər universitetdə işimi davam etdirirəm. O vaxtdan bəri Onurğa-ilik iflicliləri dərnəyi ilə xeyriyyə işləri üçün fəaliyyət göstərirəm.

- Siz Türkiyə Hərbi Dəniz Qüvvələri komandanlığı ilə də uzun müddətdən bəri əməkdaşlıq edirsiniz. Əməkdaşlığınızın statistikası barədə məlumat verə bilərsinizmi?

- 1990-cı illərin axırlarından üzü bəri həm Türkiyə Dəniz Qüvvələri, həm də Türkiyə Hava Qüvvələrinin komandanlıqları ilə yaxın əməkdaşlığım var. Hərbi akademiyalarla yaratdığım münasibət nəticəsində bütün sifarişlər mənə verilirdi. Türk Silahlı Qüvvələrinin bəzi yüksək rütbəli komandanları mənim emalatxanama gəlib, rəsm dərsləri alırdılar. Dəniz və hava qüvvələri komandanlığının sifarişi ilə indiyə qədər çəkdiyim 154 yağlı boya tablosu muzeydədir. Bu statistikayla mən yaşayan rəssam kimi Ginnes rekordlar kitabına düşmüşəm. Türk Hava Qüvvələrinin 100 illiyi münasibətilə mənə 2011-ci ildə 150 ədəd Atatürk portreti sifariş vermişdilər, FETÖ-nün o vaxt komandanları həbs etməsindən sonra hamısını çəkməyim mümkün olmadı, çəkdiyim 41 ədəd Atatürk tablosu indi Hava Qüvvələri Komandanlığının muzeyindədir. İndi Türk Silahlı Qüvvələrinin açdığı muzeylərdə mənim tablolarım nümayiş etdirilir. UNESCO 2013-cü ili dünyada Piri Rəis ili elan etmiş və onun xatirəsinə mənəvi pul buraxılması üçün Türkiyənin xəzinəsinə müraciət olunmuşdu. UNESCO Piri Rəisin xatirəsinə buraxılan mənəvi pulun üzərinə mənim çəkdiyim portretin basılmasını uyğun görmüşdü. Osmanlı dönəmində baş nazir olmuş əlcəzairli Qazi Həsən paşanın 300 illiyi münasibətilə 2014-cü ildə buraxılan UNESCO-nun xatirə pulunun üzərinə də mənim çəkdiyim portret basıldı. Əlcəzairli Qazi Həsən paşanın anası azərbaycanlı olub, o Məclisə şirlə girmiş bir adamdır. 2016-cı ildə isə türklərin ilk Dəniz Qüvvələri komandanı olan Çaka bəyin 1000 illiyi münasibətilə çıxarılan xatirə pulunun üzərinə də UNESCO mənim çəkdiyim Çaka bəy portretini basmağı məqsədəuyğun gördü. Bu da, bir növ, rekord idi: xaricdə yaşayan azərbaycanlı rəssamın çəkdiyi 3 portret UNESCO tərəfindən 3 xatirə pulunun üzərinə basılmağa uyğun görülmüşdü.

- Universitetdəki işiniz, müxtəlif qurumlarla əməkdaşlığınızdan əlavə öz emalatxananızda dərs verirsiniz. O çalışmalarınız barədə nə demək istərdiniz?

- Həftənin axırında emalatxanamda işləyirəm, məndən dərs alan daimi müdavimlərim var. İstanbulun Ataköy bölgəsindəki bir emalatxanada da dərs deyirəm. Hər il martın 8-də Beynəlxalq Qadınlar Günü müasibətilə Marmarisdə tələbələrim qadın rəssamların festivalını təşkil edir. Hər ilin iyulun 9-da isə Balıkəsir vilayətinə bağlı Qaz dağlarına yaxın bir kənddəki qalereyada Azərbaycanın böyük mütəfəkkiri Əlibəy Hüseynzadənin oğlu Səlim Turanın adına festival təşkil edirik. Fəaliyyətim barədə bu qədər geniş danışmağıma imkan yaratdığı üçün APA-ya təşəkkür edirəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR