Şahin Mustafayev "Xudafərin" və "Qız qalası" layihələri ilə tanış olub

Şahin Mustafayev "Xudafərin" və "Qız qalası" layihələri ilə tanış olub
# 24 fevral 2017 14:57 (UTC +04:00)

İranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti və Komissiyanın həmsədri, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Araz çayı üzərində reallaşdırılan "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihəsinin icrasının gedişi tanış olublar.

İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən "APA-Ecoonmics"ə verilən məlumata görə, Ş. Mustafayev bildirib ki, prezident İlham Əliyevin 2016-cı il 23 fevral tarixində İrana rəsmi səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Saziş imzalanıb. Sazişdə Azərbaycan və İranın suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin "Xudafərin" və "Qız qalası" hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır. Sazişdə həmçinin, hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycanın ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.

Ş. Mustafayev vurğulayıb ki, işğal olunmuş ərazilərində Azərbaycanın suveren hüquqlarını tanıyan bu mühüm sənədin imzalanması prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İran ilə son illərdə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan və regionda sülh yaratmağa yönələn münasibətlərinin təzahürüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR