Xocalı soyqırımı İzmitdə anılıb

Xocalı soyqırımı İzmitdə anılıb
# 25 fevral 2017 13:55 (UTC +04:00)

Türkiyənin İzmit Bələdiyyəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, TADEF-in təşəbbüsü və İzmit Bələdiyyəsinin dəstəyi ilə 2015-ci ildə rəsmi açılışı olmuş “Xocalı şəhidləri” abidəsinin qarşısında baş tutan tədbirdə İzmit Bələdiyyəsinin sədr müavini İbrahim Bulut, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündar, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Bakının Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, yazıçı Sabir Rüstəmxanlı, yerli ictimaiyyətin nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, yerli KİV təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edən TADEF sədri B.Dündar Xocalı faciəsinin Azərbaycan və Türkiyənin ortaq dərdi olduğunu qeyd edərək abidənin ucaldılmasındakı xidmətlərinə görə İzmit Bələdiyyəsinə və Bələdiyyənin sədri Nevzat Doğana təşəkkür edib. B.Dündar tarixin müxtəlif dövrlərində azərbaycanlılar və türklərə qarşı törədilən soyqırımı aktları nəticəsində xalqlarımızın eyni taleyi yaşadığını qeyd edib. O, ermənilərin özlərinin uydurduqları qondarma erməni soyqırımı yalanlarını bütün dünyaya yayaraq Xocalı və digər faciələrdə azərbaycanlılar və türklərə qarşı insanlıqdan kənar cinayətlərini ört-basdır etdiklərini bildirib. B.Dündar dünya ictimaiyyətinin bu ədalətsizliyə göz yumduğunu və ikili standartlardan çıxış edərək Xocalı faciəsini törədənlərin bu günə kimi cəzalandırılmadığını təəssüflə diqqətə çatdırıb.

Sonra M. İbrahimqızı "Xocalı şəhidləri" abidəsinin ucaıdılmasında xidmətləri olan İzmit Bələdiyyəsinin sədrinə təşəkkürünü bildirib. O, Türkiyə və Azərbaycanın bütün maneələrə baxmayaraq, beynəlxalq platformlarda qondarma erməni soyqrımı yalanlarına qarşı birgə fəaliyyətin əhəmiyyətini qeyd edib.

S. Rüstəmxanlı çıxışında Türk dünyasının birliyinin vacibliyini diqqətə çatdıraraq Türkiyənin Türk dünyasının ən inkişaf etmiş ölkəsi kimi bu istiqamətdə səylərini artırmasının əhəmiyyətini vurğulayıb.

İ. Bulut isə çıxışında, anım mərasiminin Xocalıda qətl edilənlərin xatırlanması ilə yanaşı, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması və böyüməkdə olan yeniyetmələrin, gənclərin bu hadisələri bilməsi və unutmaması baxımından vacibliyini diqqətə çatdırıb. Sədr müavini 2015-ci ildə açılmış Xocalı abidəsinin qarşısındakı anım mərasimlərinin mütəmadi təşkil ediləcəyini qeyd edərək bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR