Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
# 28 fevral 2017 13:09 (UTC +04:00)

Bu gün Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

MŞ-dan APA-ya verilən məlumata görə, komissiya üzvləri 5 müraciətə baxaraq, müvafiq rəylər qəbul ediblər. Bakı Biznes Universitetinin “xalqxeber.az” saytı barədə şikayəti araşdırılıb. Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, narazılıq doğuran yazılarda etik prinsiplərin bir sıra tələbləri pozulub. Saytın baş redaktoru Peyman Sadıqov iradlarla razılaşaraq, həmin materialların kütləvi informasiya vasitəsindən götürüldüyünü deyib. O, komissiyanın təkzib verilməsi barədə tövsiyəsinə də əməl edəcəyini bildirib.

Bakı şəhər sakini Natavan Məmmədovanın “Zəfər qalası” qəzetində onun haqqında gedən yazıda şərəf və ləyaqətinin təhqirinə yönələn fikir və ifadələrin, həqiqəti əks etdirməyən məlumatların yer alması barədə şikayətinin müzakirəsində qənaətə gəlinib ki, bütün bunlar ilk növbədə balans prinsipinin tələblərinin gözlənilməməsindən, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməməsindən qaynaqlanıb. Ona görə də bu mətbu orqana qarşı tərəfdən üzr istənilməsi, təkzib verilməsi tövsiyə olunub.

“Altes Qrup” MMC-nin və “Avromed” QTSC-nin bir sıra saytlarla bağlı müraciətləri araşdırılarkən iki məqama diqqət yetirilib. Qeyd edilib ki, hər iki qurumun şikayətinə səbəb məlumatlarda balans prinsipinin tələbləri açıq-aşkar pozulub. Lakin müraciətlərdə həmin materialları yayımlayan ən azı 10-15 saytın adı çəkilib ki, bu da konkret olaraq cavabdehliyin kimin üzərinə düşdüyünün müəyyənləşdirməsinə çətinliklər yaradıb. Komissiya Mətbuat Şurasına müraciət etmək istəyən hər bir şəxsə və quruma həmin amili nəzərə almalarını tövsiyə edib.

“Legion” İnformasiya Agentliyinin müraciətinə baxılarkən bildirilib ki, məsələ eyni zamanda hüquqi müstəvidə araşdırılmaqdadır.

İclasda qeyd olunub ki, MŞ-nin “Mətbuat Şurasına şikayətlərin verilməsi və onlara baxılma qaydaları”nda isə göstərilir ki, məsələyə məhkəmədə baxılıbsa və yaxud həmin iş üzrə hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılırsa, Mətbuat Şurası şikayəti müzakirəyə çıxarmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR