“Xəzər Dəniz Gəmiçiliyi”ndə Həvəsləndirmə və Mükafatlandırma Proqramının təqdimatı olub

“Xəzər Dəniz Gəmiçiliyi”ndə Həvəsləndirmə və Mükafatlandırma Proqramının təqdimatı olub
# 03 mart 2017 15:31 (UTC +04:00)

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-də əməkdaşların fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi və fəaliyyətin nəticələrinə əsaslanan ödəniş sistemini özündə ehtiva edən Həvəsləndirmə və Mükafatlandırma Proqramının (Performance Based Remuneration System - KPİ) təqdimatı olub.

QSC-dən “APA-Economics”ə verilən xəbərə görə, “Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini Fərhad Quliyev və strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyev Həvəsləndirmə və Mükafatlandırma sisteminin qurumda tətbiqi ilə bağlı məlumatla çıxış ediblər.

Bildirilib ki, proqramın hazırlanması işlərinə ötən ildən başlanıb. Belə ki, 2016-cı ilin iyulunda bu sahədə tanınmış beynəlxalq məsləhətverici şirkət olan “Ernst&Young”ın Qazaxıstan ofisi dəvət edilib, qurumun korporativ idarəetmə sistemi qiymətləndirilib və onun daha da təkmilləşdirilməsi üçün “Yol Xəritəsi” hazırlanıb. “Yol Xəritəsi”ndə bir sıra layihələrlə yanaşı, Həvəsləndirmə və Mükafatlandırma Proqramının hazırlanması da yer alıb. Eyni zamanda, səhmlərinin nəzarət zərfi dövlətə məxsus şirkətlərdə fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi və fəaliyyətin nəticələrinə əsaslanan ödəniş sisteminin hazırlanması üzrə tapşırıq verilib.

Fəaliyyətin nəticələrinə əsaslanan ödəniş sisteminin tətbiqi üzrə QSC-də “Həvəsləndirmə və Mükafatlandırma Siyasəti” hazırlanıb və ötən ilin 2 sentyabr tarixində təsdiq edilib. Daha sonra “Həvəsləndirmə və Mükafatlandırma Siyasəti”nə uyğun, gəmiçiliyin strateji hədəflərinə və məqsədlərinə nail olmağa yönəlmiş, balanslaşdırılmış “Fəaliyyətin Səmərəlilik Göstəriciləri” (KPİ-lar) sistemi işlənib hazırlanıb və cari ilin yanvar 1-dən qurumda tətbiq edilir.

“Həvəsləndirmə və Mükafatlandırma Siyasəti” əməkdaşların inkişafa stimullaşdırılmasına, əlavə səylərinin qiymətləndirilməsinə, QSC-nin strateji hədəf və məqsədlərinə nail olunmasına, aparılan əməliyyatların səmərəliliyinin və effektivliyinin artırılmasına, yüksək ixtisaslı kadrların “Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə cəlb olunması və saxlanılmasına yönəlib.

Təqdimatda çıxış edən “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev bildirib ki, əməkdaşların fəaliyyəti onlara şamil edilmiş müvafiq korporativ və fərdi KPİ-lara il ərzində nail olunma dərəcəsinə əsasən qiymətləndiriləcək. Sədr deyib ki, hazırda QSC bu sistemi tətbiq edən ilk dövlət müəssisələrindəndir və beynəlxalq təcrübədə özünü müvəffəqiyyətlə doğruldub. Bu sistemin tətbiqi korportativ idarəetmə və inkişaf üçün olduqca əhəmiyyətlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR