Göyçayda 6 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə başlanıb

Göyçayda 6 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə başlanıb
# 06 mart 2017 11:43 (UTC +04:00)

Göyçay rayonu Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, 4-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolun ümumi uzunluğu 17 km-dir. Salınacaq yolun 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə yolun çiyinlərinin eni isə 2 metr təşkil edəcək. Yenidənqurma işləri zamanı sözügedən yol 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Hazırda yol boyu torpaq işləri görülür, yol yatağı və yol əsası inşa edilir. Torpaq işləri bitdikdən sonra yola 2 qat asfalat-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 12 sm olmaqla yolun 100 min kvadratmetrdən çox ərazisinin asfatlanması nəzərdə tutulub.

Layihə çərçivəsində suların ötürülməsi üçün 55 yerdə müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, mövcud 1 avtomobil körpüsü isə əsaslı şəkildə bərpa ediləcək. Tikinti işləri bitdikdən sonra isə yolda nəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 37 ədəd yol nişanı qoyulacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

“Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolu əvvəllər torpaq və çınqıl örtüklü olduğundan xüsusən payız-qış mövsümündə nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində müəyyən çətinliklər yaradırdı. Əsaslı tikinti işlərindən sonra bu problemlər geridə qalacaq”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Göyçay rayonu Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun yenidən qurulması 6 yaşayış məntəqəsinin sakinlərinin Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat, maneəsiz və təhlükəsiz şəkildə çıxışını təmin etməklə, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR