Azərbaycan Berlində keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur

Azərbaycan Berlində keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur
# 09 mart 2017 10:08 (UTC +04:00)

Azərbaycan “İTB Berlin 2017” beynəlxalq turizm sərgisində təmsil olunur. Mədəniyyət və Turizm Naziliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.

Azərbaycan beynəlxalq tədbirdə 16 yerli turizm şirkəti, 5 mehmanxana, Azərbaycan Hava Yolları və Turizm və Milli İnkişafına Dəstək İctimai Birliyi ilə təmsil olunur. Bununla yanaşı, sərgidə 23 – 25 iyun tarixlərində Bakı şəhərində keçiriləcək “Formula 1 Avropa Qran Prisi”-nin təşkilat komitəsi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də iştirak edir.

Sərginin açılışında nazir Əbülfəs Qarayev və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov iştirak ediblər.

Almaniya parlamentinin turizm komitəsinin sədri Heike Brehmer və Seyşelin turizm naziri Alain St. Ange ilə milli stendimizdə ikitərəfli görüşlər keçirilib. Görüşlərdə Almaniya ilə turizm sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Şöbədən bildiriblər ki, sərgidə Azərbaycanın turizm potensialını özündə əks etdirən 94 kv.m-lik stend hazırlanıb, qonaqlara təqdim olunması üçün ingilis və alman dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən etibarən “İTB Berlin” beynəlxalq turizm sərgisində iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR