Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisinə başlanılıb

Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisinə başlanılıb
# 10 mart 2017 07:01 (UTC +04:00)

Ucar rayonunda kəndlərarası, Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisinə başlanılıb.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 7,5 km, mövcud eni isə 6-7 metr arası dəyişir. Tikinti işləri zamanı yolun eni 10 m-ə qədər, 3-4 metr enində genişləndirilir.

Hazırda yol yatağının yararsız qruntunun qazılaraq çıxarılması, əvəzinə isə yeni yol yatağının və yol əsasının tikintisi işləri aparılır. 3 yaşayış məntəqəsini birləşdirəcək yol 2 hərəkət zolağından ibarət olacaq, yəni hərəkət hissəsinin eni 6 metr təşkil edəcək. Layihə üzrə yol çiyinlərinin eni isə 2 metr olacaq. Torpaq işləri bitdikdən sonra 2 qat olmaqla yolun 45 min kvadratmetr ərazisinin asfaltlanması nəzərdə tutulub. Eyni zamanda əsaslı tikinti işləri çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 30 ədəd suötrücü borunun quraşdırılması işləri də aparılır.

Tikinti işləri bitdikdən sonra nəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yol boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yola üfüqi nişanlama xətləri çəkiləcək.

4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələrinin sakinlərinin rayon mərkəzinə rahat çıxışı təmin olunmaqla, onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarının qısa vaxt ərzində və xarab olmadan bazara daşınması mümkün olacaq. Bu isə öz növbəsində həmin ərazinin insanlarının həyat şəraitinin yüksəlməsinə hesablanıb.

Qeyd edək ki, yenidənqurma işləri 2017-ci il dövlət büdcəsi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR