Fransada Novruz bayramı qeyd edilib

Fransada Novruz bayramı qeyd edilib
# 11 mart 2017 08:59 (UTC +04:00)

Azərbaycanın Fransadakı səfirliyi, Azərbaycanın Dostları Assosiasiyası və Parisdəki “Azərbaycan Evi” Novruz bayramı münasibəti ilə Fransanın Arkaşon şəhərində bir sıra tədbir keçirib.

“Azərbaycan Evi”nin rəhbəri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın APA-ya verdiyi məlumata görə, Arkaşon şəhər bələdiyyəsində deputat-mer İv Fulon, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, deputat Jan-Fransua və Mansel Azərbaycan Mədəniyyət Evinin rəhbəri arasında rəsmi görüş olub.

Sonra Toplantılar Sarayında “Azərbaycan - ənənələr və müasirlik ölkəsi” mövzusunda konfrans başlayıb. Tədbirdə Azərbaycanla bağlı qısa təqdimat olub. Səfir E. Əmirbəyov Azərbaycan tarixi, mədəniyyəti və ənənələri barədə danışıb. Tədbirdə ölkəmizdə ictimai həyat, təhsil, təbii sərvətlər, eləcə də, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-nin işğal edilməsi və Minsk Qrupunun həmsədrlərindən biri kimi bu münaqişənin həllində Fransanın rolu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Azərbaycana tanışlıq Bakı Media Mərkəzinin istehsalı olan və Azərbaycan Demokratik Respublikasının 1919-cu ilin yanvarında Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin mürəkkəb taleyindən bəhs edən “Ömürlük ezamiyyət” adlı sənədli filmin göstərilməsi ilə davam etdirilib.

Filmə baxışdan sonra Arkaşon şəhərinin meri İv Fulon Novruz bayramına və Azərbaycana həsr olunan və martın 31-ə kimi davam edəcək foto və rəsm sərgisinin açılışını edib. Sərgidə nümayiş etdirilən foto və rəsm əsərlərinə baxışdan sonra tədbir Olimpiya Teatrında Azərbaycan nümayəndə heyətinin rəsmi qəbul mərasimi ilə davam etdirilib. Səfir E. Əmirbəyov meriya tərəfindən təşkil olunmuş qəbula görə Azərbaycanın Dostları Assosiasiyasına, Azərbaycan Evinə və Arkaşon şəhər rəhbərliyinə minnətdarlığını bildirib. O, Novruz bayramı ənənələrindən və əsrlərlə Azərbaycanda möhkəmlənmiş mültikulturalizm mühitindən söz açıb. Yusif Qasımovun bədii rəhbərliyi altında çalışan “Bakının ulduzları” rəqs ansamblının ifasında ənənəvi Azərbaycan rəqslərindən ibarət tamaşa da göstərilib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR