Dünya iqtisadiyyatının inkişafına mane olan amillər - TƏHLİL

Dünya iqtisadiyyatının inkişafına mane olan amillər - <span style="color: red;">TƏHLİL
# 13 mart 2017 07:30 (UTC +04:00)

Dünya iqtisadiyyatının daha sürətli inkişafı və bərpasına bir sıra ciddi və əhəmiyyətli amillər mane olur. Bunların sırasında ticarət və maliyyə bazarları sahəsində iqtisadi milliyyətçiliyi, fərqli pul-kredit siyasətlərin həyata keçirilməsini, fond bazarlarında “köpükləri” və valyutaların kursunda ciddi dəyişkənliyini qeyd etmək olar. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) növbəti iqtisadi icmalında qeyd olunanları təhlil edərək belə qənaətə gəlmək olar.

OECD öz əvvəlki proqnozlarından (2016-cı ilin noyabrı) kənara çıxmayıb və dünya iqtisadiyyatında bu il üçün 3,3%, gələn il üçün isə təxminən 3,5-3,6 faizlik artım gözləyir. Xatırladaq ki, 2016-cı ildə dünya UDM-nin artımı 3% təşkil etmişdi. Dünyanın ayrı-ayrı iri ölkə və bölgələr üzrə proqnozlar belədir ki, 2017-ci ildə ABŞ-da iqtisadiyyatın artımı 2,4%, avrozonada 1,6% (o cümlədən, Almaniyada 1,8%, Fransada 1,4%, İtaliyada 1%), Yaponiyada 1,2%, Çin 6,5%, Hindistanda 7,3% (ümumilikdə G20 ölkələri üzrə məcmu 3,5%) səviyyəsində gözlənilir. OECD bu rəqəmləri zəif artım kimi qiymətləndirir.

Hazırda iqtisadi artım müəyyən dərəcədə sürətlənir, amma fundamental əsasların olmaması səbəbindən bu sürət davamlı deyil və ümumi mənzərə mənfi ehtimallar yaradır. Dünya iqtisadiyyatında müşahidə olunan əsas amillər kimi məhsuldarlığın zəif artımı və natarazlıq qeyd edilir. Belə olan halda istehlak üzrə böyük dəyişkənlik müşahidə olunur, investisiya axınları isə lazımı səviyyədə deyil və ümumilikdə investisiya sahəsində qeyri-müəyyənlik baş verib.

Bunun əsas səbəblərində biri iqtisadi milliyyətçilikdir. Nəticədə investisiya axınları proqnozlaşdırılmayan istiqamətə yönəlir, bütövlükdə investisiya sahəsində qeyri-müəyyənlik hökm sürür. İcmalda birbaşa qeyd olunmasa da, ilk növbədə söhbət Donald Trampın administrasiyasının siyasətindən gedir. Çünki ABŞ ticarət sahəsində proteksionizm, idxal rüsumların tətbiqi kimi planlar dünya ticarətinə mənfi təsir göstərə bilər. Belə olan halda ticarət subyektləri, biznes və investisiya qurumları tez bir zamanda reaksiya verəcəklər ki, nəticədə ticarət fəallığın azalmasını gözləmək olar. İqtisadi milliyyətçiliyin əsas təhlükəsi də ondan ibarətdir ki, o sözün əsil mənasında sonsuz ola bilər, çünki sanksiya və ya proteksionizm rüsumları tətbiq olunmuş ölkə və ya region cavab addımları atacaq. Bu da reaksiyaya səbəb olacaq ki, nəticədə proses tam olaraq nəzarətdən çıxa bilər. Məsələn, OECD-nin hesablamalarına görə, ABŞ-da idxalın 10% bahalaşması nəticəsində ABŞ-ın ixracı 15% bahalaşacaq.

Bundan başqa ciddi maneələrdən biri dünyanın aparıcı iqtisadiyyatlarının mərkəzi banklarının fərqli siyasətidir. Məsələn, gözlənilir ki, Federal Ehtiyat Sistemi martda faiz dərəcələrini qaldıracaq ki, bu da bu il ərzində pul-kredit siyasətinin sərtləşdirilməsinin başlanğıcı olacaq. Bundan fərqli olaraq Avropa Mərkəzi Bankı bu il aşağı faizlər siyasətini və iqtisadiyyatın stimullaşdırılması siyasətini davam etdirəcəyini bəyan edib. Bu natarazlıq maliyyə bazarlarında, ilk növbədə valyuta bazarında disbalans yaradacaq. Bundan başqa orada və ya burada proteksionizm siyasəti reallaşdırılsa valyuta bazarından başqa investisiya axını sahəsində tam qarışıqlıq baş verə bilər. Nəhayət, buraya "Brexit"i əlavə etsək aydın olur ki, indi investisiya sahəsində nə isə proqnozlaşdırmaq çətindir. Sadə desək, pullar hansı istiqamətə gedəcək, harada investisiya layihələri bağlanacaq, harada açılacaq, hələlik məlum deyil.

OECD vurğulayır ki, hazırda fond bazarlarında tendensiyalar fundamental əsaslardan çox uzaqdır. Faktiki olaraq söhbət ondan gedir ki, fond bazarında dinamikalar ümumi iqtisadiyyatdakı dinamikanı əks etdirmir və hətta bəzi hallarda ondan asılı da deyil. Bu “köpüklərin” yaradılması üçün tipik bir şəraitdir. Fond bazarlarında spekulyativ tendensiyalar hökm sürür və nəticədə məsələn, istehlak xərclərinin azalması və ya kiçik artımı kimi amil endirici təsir etmir, əksinə əlavə vəsait cəlb edilməsinə səbəb olur. Bundan əlavə əgər real sektorda problemlər varsa, vəsaitlər “qeyri-real” investisiyalara - qiymətli kağızlara yönəldilir. Bu yolla cəlb edilmiş vəsaitlər istehsal güclərin genişləndirilməsi əvəzinə yenidən maliyyə bazarında “fırlanır” və əvvəl-axır “köpüklərin” yaradılmasına səbəb olur.

Real iqtisadiyyatda isə, problemlər proteksionizm siyasəti nəticəsində və qarşılıqlı izolyasiya nəticəsində yalnız genişləndirilə bilər. Əyani gözə dəyməsə də, bu ilk növbədə dünya miqyasında ticarətin zəiflənməsi və deməli malların bahalaşmasına gətirib çıxaracaq ki, bütün bunlar iqtisadi artımı yalnız zəiflədir. Qeyri-müəyyənliyi həmçinin siyasət də genişləndirir. Belə ki, OECD vurğulayır ki, hazırda bir çox ölkələrdə gələcək addımlar barədə heç nə bilinmir, çünki bir sıra iri və əhəmiyyətli ölkələrdə yeni yaradılmış hökumətlər var, bəzi ölkələr isə seçkilər ərəfəsindədir. Bütün bunlar həmin ölkələrdə lazımı olan islahatları ləngidir ki, bu da dünyada iqtisadi və ticarət tendensiyalara mənfi təsir göstərir.

Vahab Rzayev
APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR