Kürdəmirdə Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolu yenidən qurulur

Kürdəmirdə Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolu yenidən qurulur
# 13 mart 2017 10:21 (UTC +04:00)

Kürdəmir rayonu Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolu yenidən qurulur.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu il kənd və qəsəbələrarası avtomobil yollarının inşası ilə bağlı nəzərdə tutulan bütün layihələr uğurla icra olunur: ”Dövlət başçısının tapşırığına əsasən “Azəravtoyol” ASC bu məqsədlə bütün qüvvəsini səfərbər edib. Sözügedən layihələrdən biri Kürdəmir rayonu Karrar-Bağman-Böyük Kəngərli kəndlərarası avtomobil yolunun yenidən qurulması layihəsidir. Kəndlərarası avtomobil yolunun yenidən qurulması işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır”.

Yenidənqurma işləri nəticəsində xüsusən payız-qış mövsümündə torpaq və çınqıl örtüklü yolla hərəkətdə yaşanan problemlər tam olaraq aradan qaldırılmış olacaq. Həmçinin yol boyu yaşayan vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz çıxış əldə etməklə, yük və sərnişin daşımasının xeyli asanlaşması nəzərdə tutulub. Bu isə öz növbəsində insanların yetişdirdikləri məhsulları rahat şəkildə daşıması ilə sözügedən ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

4-cü texniki dərəcəyə uyğun yenidən qurulan Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun ümumi uzunluğu 34 km, mövcud eni 6 metr təşkil edir .

Hazırda ərazidə 10 metr enində yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Yenidən qurulan yolun hərəkət hissəsinin eni layihə çərçivəsində 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edəcək. Tikintisi aparılan yol 2 hərəkət zolağından ibarət olacaq.

Torpaq işləri bitdikdən sonra yolun 200 min m2-dan çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Eyni zamanda tikinti işləri çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 11 ədəd suötrücü boruları quraşdırılması işləri də aparılacaq.

Bundan başqa, yol üzərində yerləşən 2 ədəd avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub. Hər iki körpünün uzunluqları 60 metr, hərəkət hissələrinin eni isə 5-6 metr təşkil edir.

Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolçizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, yenidənqurma işləri Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 N-li sərəncamı ilə təsdiq edilmiş 2017-ci il Dövlət büdcəsi dövlət əsaslı vəsait qoyuluşu (investesiya xərcləri) xərcləri hesabına aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR