"KfW" "Azərsu" ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

"KfW" "Azərsu" ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
# 14 mart 2017 10:00 (UTC +04:00)

"Azərsu" ASC-də Azərbaycanda səfərdə Almaniyanın "KfW" bankının nümayəndə heyəti ilə görüş keçirilib.


"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, dövlət şirkətinin sədri Qorxmaz Hüseynov "KfW"-nin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib.

Sədr "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, Şəki və Gəncə şəhərlərində su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər uğurla davam etdirilir.

"KfW"-nin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Olaf Zumelka təmsil etdiyi bankın Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin maliyyələşdirilməsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb. Şəki şəhərində həyata keçirilən işlərdən razılığını bildirən nümayəndə heyətinin rəhbəri Gəncə şəhərində növbəti mərhələ üzrə tikinti işlərinin başlanılması üzrə iş qrafikinin hazırlandığını diqqətə çatdırıb.

Görüşdə eyni zamanda Gəncə və Şəki şəhərləri üçün tullantı sutəmizləyci qurğuların layihəsinin hazırlanması istiqamətində də müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə Almaniyanın "KfW"-nin birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR