Xələf Xələfov Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin sədr müavini ilə görüşüb

Xələf Xələfov Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin sədr müavini ilə görüşüb
# 14 mart 2017 14:01 (UTC +04:00)

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ölkədə səfərdə olan Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin sədr müavini Sun Tsin-vu ilə görüşüb.

APA-nın XİN-in saytına istinadən verdiyi xəbərə görə, X. Xələfov Azərbaycan Respublikasının Çin Xalq Respublikası ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Sun Tsin-vu Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycanda səfərdə olmaqdan məmnunluq ifadə edib. Xalq diplomatiyasının təşviqi istiqamətində Fond və Cəmiyyət arasında əməkdaşlıq təqdirəlayiq hesab edilib və bunun insanlararası təmasların artırılmasında əhəmiyyəti qeyd olunub.

Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədə olduğu qarşılıqlı şəkildə vurğulanıb. İki ölkənin Çinin “Bir Yol, Bir Dəhliz” layihəsi çərçivəsində əməkdaşlıq imkanları qeyd olunaraq, Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri istiqamətində Azərbaycan Respublikasının irimiqyaslı layihələr həyata keçirdiyi və vacib coğrafi məkana uyğun olaraq, güclü tranzit qovşaq infrastrukturu yaratdığı bildirilib.

Nazir müavini Azərbaycan Respublikasının “Vahid Çin” siyasətini dəstəklədiyini bildirərək, Çin Xalq Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrin qəbulunda BMT TŞ-nin daimi üzvü kimi oynadığı əhəmiyyətli roluna və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində həll edilməsinə dair nümayiş etdirdiyi mövqeyinə görə təşəkkür edib. Öz növbəsində Tsin-vu Çin Xalq Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin müvafiq qətnamələri və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinə dair mövqeyini təsdiqləyərək, Azərbaycan Respublikasının “Vahid Çin” siyasətini dəstəklədiyini yüksək qiymətləndirib.

Sonda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə birgə tədbirlərin keçirilməsi qarşılıqlı şəkildə dəstəklənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR