Prezident: "Birinci mərhələ üçün tezliklə danışıqlar bərpa edilməlidir"

Prezident: "Birinci mərhələ üçün tezliklə danışıqlar bərpa edilməlidir"
# 14 mart 2017 21:53 (UTC +04:00)

Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda öz səylərini göstərir. Biz bu səyləri yüksək qiymətləndiririk.

APA-nın xəbərinə görə, bunu Parisdə sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib. Dövlət başçısı 2014-cü ilin sonlarında F.Ollandın təşəbbüsü ilə Yelisey sarayında Ermənistan prezidenti ilə keçirdiyi görüşü xüsusilə qeyd edib: “Çox konstruktiv və müsbət bir görüş idi. Əfsuslar olsun ki, bu görüşdən sonra danışıqlar prosesində müəyyən durğunluq müşahidə olundu. Biz istəyirik ki, məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə öz həllini tapsın. Ermənistan beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal edib. Dağlıq Qarabağı və onun ətrafında yerləşən yeddi bölgəni işğal altında saxlayır. O bölgələrdən bütün Azərbaycan əhalisi, yüz minlərlə insan qovulub. Orada bütün infrastruktur və binalar dağıdılıb”.

Prezident İlham Əliyev ATƏT-in faktaraşdırıcı missiyalarının işğal edilmiş torpaqlara iki dəfə səfər etdiklərini və öz məruzələrində bunu ifadə etdiklərini xatırladıb: “BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. O qətnamələr 1990-cı illərin əvvəllərində qəbul edilmişdir. Ermənistan bu qətnamələrin icrasına görünür ki, meyilli deyil. Ona görə birinci mərhələ üçün hazırda tezliklə danışıqlar bərpa edilməlidir. Ermənistan danışıqlardan boyun qaçırmamalıdır. Cənab prezident Ollandın qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir. Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri - Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR