Bakıda "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans keçirilib - YENİLƏNİB

Bakıda "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 15 mart 2017 14:39 (UTC +04:00)

Bakıda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın məlumatına görə, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, əsrlər boyu İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi müsəlman intibahında mühüm rol oynamış Azərbaycan bu gün də İslam dünyasının önündə gedən dövlətlərdən biridir.

O qeyd edib ki, çoxmillətli və çoxkonfessiyalı dövlət, İslami dəyərlər, multikultural ənənələr diyarı olan Azərbaycanda sabitlik mövcuddur: "Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir. Təbii ki, burada dövlət başçısının siyasi iradəsi böyük önəm daşıyır. Torpaqlarımızın 20 faizinin işğalı bir milyondan artıq məcburi köçkünün yaranması ilə nəticələnib. Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həll edilməlidir. Dünyada mövcud olan bütün münaqişələrin ədalətli sülh yolu ilə həllini tapması üçün siyasi xadimlərin, dini liderlərin, dünya ictimaiyyətinin səylərini artırması vacibdir".

Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, dünya sivilizasiyasının bir parçası olan Azərbaycan xalqını digərlərindən fərqləndirən cəhət fərqli mədəniyyətlərə hörmətlə yanaşmaq, sülhpərvər, tolerant, həmrəy olmaq düşüncəsini mənimsəməklə yanaşı, sülhün bərqərar olması naminə bu ideyaların təbliğini bəşəriyyət qarşısında məsuliyyət missiyası kimi qəbul etməsidir: "Tarixi təcrübə göstərir ki, hər bir xalq, dövlət dünya coğrafiyasında müəyyən arealda öz milli-mənəvi dəyərləri, adət-ənənələri, elmi ilə bəşəri əxlaqın formalaşmasında bu və ya digər formada iştirak edir. Belə bir təfəkkür və əxlaqa sahib olmağımız şübhəsiz ki, yaşadığımız ərazinin Şərqlə Qərb arasında mədəni, həm də coğrafi baxımından körpü rolunu oynaması, eləcə də dədə-babalardan miras qalan milli, dini dəyərlərimizin aliliyindən irəli gəlir. Multikultural çoxmədənilik bir neçə fərqli mədəniyyətlərin bir arada yaşadığını müəyyən edən sözdür. Multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz dostluq və əməkdaşlıq mümkün deyil. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial mədəni inkişaf təcrübəsini bilmək və bunu yaradıcı şəkildə istifadə etmək qloballaşma şəraitində Azərbaycanın rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir".

S. Novruzov qeyd edib ki, digər xalqların mədəniyyətini bilmədən onlara hörmət etmək, qarşılıqlı anlaşma mümkün deyil: "Lakin təəssüf ki, bəzi Qərb dövlətləri multikultural idarəetmə mürəkkəb vəzifə olduğu üçün ondan imtina edib. Bu dəyərlər olmadıqda, ölkədə sülhü bərqərar etmək mümkün deyil. Buna misal olaraq Azərbaycanın inkişafıdır ki, müxtəlif xalqların nümayəndələri ölkəmizin mədəniyyətinə inteqrasiya olmaqla harmonik inkişafda iştirak edirlər. Bu dəyərlərin olmaması dünyada artan islamofobiyaya, milli-dini münaqişələrə gətirib çıxarır. Bu baxımdan əsası Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm modeli, sınanmış və optimal variant kimi qarşımıza çıxır. Bu model bütün dünyada üstün bir modeldir".

S. Novruzov qeyd edib ki, ölkəmizin multikultural dəyərləri hüquqi sənədlərdə də öz əksini tapır: "Bu dəyərlər Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq Konstitusiyamızın bir sıra maddələrində yer alır. Azərbaycan cəmiyyətinin böyük hissəsi haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edir, ərazimizdə yaşayan milli azlıqların hüquq və azadlıqlarına xüsusi önəm verilir".

Millət vəkili, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov isə qeyd edib ki, Azərbaycanda dini tolerantlıq bir ənənədir: “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, cənab prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət nəticəsində bu tolerantlıq ənənələri xalqımız tərəfindən davam etdirilir”.

Çıxış edən digər icma rəhbərləri və iştirakçılar İslam ölkələrində mövcud problemlərdən, onların həlli yollarından danışaraq dini tolerantlığın Azərbaycan modelini nümunə göstəriblər.

*** 09.54

Bakıda Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans keçirilir.

APA-nın məlumatına görə, konfransda 15 ölkədən 30-dək xarici qonaq, bir sıra müsəlman ölkələrinin səfirləri, din, elm və siyasət xadimləri iştirak edir.

Konfransı QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə açıb.

Tədbir Azərbaycanın dövlət himinin səsləndirilməsi, Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb. Daha sonra Azərbaycanda dini tolerantlıqla bağlı video çarx nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR