Dövlət Xidməti: Ərzaq malları üzrə daxil olan bəzi müraciətlərlə bağlı araşdırma aparılır

Dövlət Xidməti: Ərzaq malları üzrə daxil olan bəzi müraciətlərlə bağlı araşdırma aparılır
# 15 mart 2017 09:59 (UTC +04:00)

“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə daxil olan müraciətlərin əksəriyyəti satışda olan mallarda yaranan problemlərlə bağlı olub”.

APA-Economics”in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev deyib. Onun sözlərinə görə, Xidmətə daxil olan müraciətlər satışda olan malların üzərində məlumatların, xüsusi ilə yararlılıq müddətinin düzgün göstərilməməsi ilə bağlıdır.

“Bundan başqa, malların üzərində məlumatların natamam olması ilə bağlı da müraciətlər daxil olur. İdxal olunan mallarda isə Azərbaycan dilində məlumatların olmaması ilə bağlı müraciətlər olur”, - deyə A.Əliyev vurğulayıb.

Rəis müavini qeyd edib ki, bu müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb: “Bilavasitə 2017-ci ildə cərimələrin tətbiqi ilə bağlı indiyədək tədbirlər görülməyib. Amma müəyyən işlərlə bağlı araşdırmalar aparılır və bu araşdırmaların nəticələrindən asılı olaraq mütləq məsuliyyət tədbirləri görüləcək”.

Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən yoxlamaların dayandırıldığını deyən A.Əliyev bildirib ki, ərzaq məhsullarının müayinəsi satışda olan məhsullardan nümunə götürülməklə aparılır: “Ay ərzində 40-50 məhsulun müayinəsi aparılır. İl ərzində bu proses davam etdirilir. Laboratoriya müayinəsinin nəticəsi təhlil edilməklə qanun pozuntusu aşkar olduğu təqdirdə zəruri tədbirlər görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR