“İslam Həmrəyliyi – Zamanın çağırışı” Konfransının iştirakçıları dünya ictimaiyyətinə müraciət edib

“İslam Həmrəyliyi – Zamanın çağırışı” Konfransının iştirakçıları dünya ictimaiyyətinə müraciət edib
# 15 mart 2017 14:05 (UTC +04:00)

Bakıda keçirilən “İslam Həmrəyliyi – Zamanın çağırışı” Beynəlxalq Konfransında dünya ictimaiyyətinə müraciət qəbul edilib.

APA-nın xəbərinə görə, müraciətdə bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, “İslam həmrəyliyi ili” elan olunması ilə bağlı Bakıda Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Belarus, Ukraynanın tanınmış dövlət, elm və din xadimləri, Azərbaycandakı dini konfessiya rəhbərləri, hökumət, ictimaiyyət və parlament üzvləri, diplomatik korpusların nümayəndələrinin iştirakı ilə “İslam Həmrəyliyi – Zamanın çağırışı” mövzusunda Beynəlxalq Konfrans keçirilib.

Konfransın iştirakçıları bildiriblər ki, sivilizasiyalar, dinlər və mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanda mövcud olan ənənələr, multikulturalizm ideyaları və dini-mədəni mühitin inkişafına göstərilən dövlət dəstəyi təqdirəlayiqdir: “Zəmanəmizin narahat gündəm yaşadığı, Şərqlə Qərbin kəskin ziddiyyətlərlə qarşılaşdığı bir dönəmdə Azərbaycan dövləti bütün dünyaya özünün sülhpərvər ruhunu, dialoq aparmaq mədəniyyətini, İslam dininin mənəvi dəyərlərini və mütərəqqi mahiyyətini bəyan edir. Bu qərar - müdrik siyasət nümunəsi, yüksək alicənablıq təzahürüdür və biz əminik ki, İslami həmrəylik ideyasının müəllifi olan dövlət rəhbəri İlham Əliyev bu çağırışı ilə öz dövrünün siyasi mütəfəkkiri adlanmağa layiqdir”.

Konfrans iştirakçıları, müasir dövrdə multikulturalizm və İslam həmrəyliyi ideyalarının əhəmiyyətini vurğulayaraq, dini radikallıq, məzhəb ayrı-seçkiliyi, ksenofobiya, antisemitizm və islamofobiya təzahürlərinə qarşı dünya ictimaiyyətini, dövlət, elm və din xadimlərini birgə əməkdaşlıq etməyə, belə faktların qarşısının alınması üçün daha fəal olmağa çağırır:

- din pərdəsi arxasında zorakılıq və vandalizm hallarını, tarixi abidələrin məhv edilməsini, müqəddəs kitabların, məbədlərin və dini atributların təhqirini, digər dini və irqi dözümsüzlük hallarını qətiyyətlə pisləyirik;

- terrorizmi, onun bütün təzahürlərini, insanlara qarşı hər hansı digər zorakılıq hallarını, ekstremizmi qətiyyətlə pisləyir, terror, hərbi qarşıdurmalar, etnik təmizləmə, separatçılıq və s. kimi əməllərin qurbanları üçün dualar edir, qaçqın və məcburi köçkünlərin, miqrantların problemlərinin həllində yardımçı olmağa və mərhəmət göstərməyə çağırırıq;

- dünyada mövcud olan bütün münaqişələrin, o cümlədən Ermənistan - Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdar olduğumuzu bəyan edirik;

- dinlərarası münasibətlərin inkişafı və tərəqqisi naminə regionun aparıcı dini liderlərinin birgə görüşlərinin təşkil olunmasını, özəlliklə bölgədə sülhün bərqərar olmasında əvəzsiz xidmətləri olan Moskva və Bütün Rusiya Patriarxı Kirill Zati-müqəddəsləri və Ümumgürcüstan Patriarxı II İliya Zati-müqəddəslərinin, eləcə də digər dini konfessiya rəhbərlərinin səmərəli təcrübəsini dəstəkləyir və gələcəkdə davam etdirilməsini arzu edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR