Oqtay Əsədov: “AŞPA monitorinq altında olan ölkələrə qarşı cəza orqanı kimi çıxış edir”

Oqtay Əsədov: “AŞPA monitorinq altında olan ölkələrə qarşı cəza orqanı kimi çıxış edir”
# 16 mart 2017 16:18 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin martın 15-16-da Azərbaycan parlamentində keçirilmiş iclasının iştirakçıları ilə görüşüb.

Parlamentdən APA-ya verilən məlumata görə, sədr Azərbaycanın AŞPA ilə əlaqələrin inkişafına böyük önəm verdiyini və təşkilatın yuxarıda adıçəkilən komitəsinin Bakıda iclasının keçirilməsini müsbət dəyərləndirib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qaçqınlar problemi ilə üzləşmiş Azərbaycan üçün belə bir komitənin Bakıda toplaşması çox önəmlidir: “Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsi kimi ölkəmizdə 1 milyondan çox qaçqın var. Onların sosial problemlərinin həlli Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Bu məqsədlə hətta ayrıca Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yaradılıb. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti tərəfindən lazımi addımlar atılmaqdadır. Bu gün məlum səbəblər üzündən qaçqınlar problemi ilə üzləşmiş Avropa üçün Azərbaycanın təcrübəsi çox maraqlı ola bilər”.

Sədr bildirib ki, 2001-ci ildən Azərbaycan təşkilatın müxtəlif qurumları ilə sıx münasibətdə olub: “Təəssüflə qeyd etməliyəm ki, bəzən AŞPA monitorinq altında olan ölkələrə qarşı bir cəza orqanı kimi çıxış edir. Biz qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan əməkdaşlığa tərəfdarıq. Təəssüf ki, bir sıra Avropa qurumlarındakı ikili standartlar bu münasibətlərin daha da dərinləşməsinə bəzən kölgə salır. Ermənistanın nəinki Dağlıq Qarabağı, hətta onun ətrafında olan rayonları belə işğal etməsinə baxmayaraq, bu qurumun sənədlərində Ermənistan haqqında “işğalçı ölkə” kəlməsi belə işlədilmir. 2013-cü ildə Ukraynada baş vermiş böhran zamanı Rusiyaya sanksiyalar tətbiq olunduğu halda Ermənistana münasibətdə biz bunu görmürük. Ümid edirik ki, gələcəkdə bu kimi hallar aradan qaldırılacaq, quruma üzv ölkələrə münasibətdə ədalətli mövqe sərgilənəcək”.

Sədr müstəqil Azərbaycanın AŞPA ilə əlaqələri gələcəkdə daha da dərinləşdirmək niyyətində olduğunu ifadə edərək, mayda bu təşkilatın daha bir komitəsinin Bakıda iclasının keçiriləcəyini söyləyib.

Görüşdə Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, təşkilatın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova çıxış edərək AŞPA-nın komitəsinin Bakıda yüksək səviyyədə keçirilməsi üçün göstərilən diqqət və qayğıya görə Milli Məclis rəhbərliyinə komitə üzvləri adından öz dərin təşəkkürlərini bildiriblər. Qeyd edilib ki, Bakıda olduqları müddətdə avropalı deputatlar qaçqınlar şəhərciyində olmuş, Dağlıq Qarabağdan olan insanlarla görüşüb, söhbətlər aparıblar.

Tədbirdə çıxış edən digər komitə üzvləri Azərbaycan parlamentində olmaqlarından məmnunluq duyduqlarını söyləyiblər. Qonaqlar ümidvar olduqlarını bildiriblər ki, AŞPA ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da inkişaf edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR