Zakir Qaralov Cəlilabadda vətəndaşları qəbul edib

Zakir Qaralov Cəlilabadda vətəndaşları qəbul edib
# 17 mart 2017 12:03 (UTC +04:00)

Baş prokuror Zakir Qaralov martın 17-də Cəlilabad rayon Prokurorluğunun inzibati binasında Cəlilabad, Biləsuvar, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror və Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 21 vətəndaş qəbul edilib, onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb.

Qəbul zamanı həmçinin, müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib. Prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin isə araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Yekunda Baş prokuror tabe prokurorların iştirakı ilə keçirilən müşavirədə dövlət başçısının məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı tələbləri diqqətə çatdırılmaqla vətəndaşlara daha həssaslıq və qayğı ilə yanaşılması tapşırılıb.

Müşavirədə həmçinin, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR