Parisdə “Xocalı vizual sənət” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Parisdə “Xocalı vizual sənət” müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 17 mart 2017 15:33 (UTC +04:00)

Xocalı qətliamının 25-ci ildönümü münasibətilə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi iştirak etmək istəyən hər bir kəs üçün açıq olan bədii incəsənət müsabiqəsi elan edib.

TEAS-dan APA-ya verilən məlumata görə, “Xocalı vizual sənət” adlı müsabiqənin keçirməkdə məqsədi Azərbaycanın yaxın tarixində baş vermiş ən qanlı səhifə olan Xocalı faciəsi haqqında məlumatlılığı artırmaq olub.

Müsabiqə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, Dağlıq Qarabağ və yeddi ətraf rayonun erməni işğalına son qoymağa, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəraitdə öz torpaqlarına geri qaytarılmasına çağırış edib.

İncəsənət tədbiri senator, Fransa-Qafqaz Qrupunun sədri Andre Rişarın yüksək patronajlığı altında keçirilib.

Münsiflər heyətinə Parisdə yaşayan azərbaycanlı rəssam Əsmər Nərimanbəyova, fransalı jurnalist və yazıçı Jan-Pyer Allali, Avropa Azərbaycan Cəmiyyəti tərəfindən isə skripkaçı və cəmiyyətin mədəniyyət məsələləri üzrə məsləhətçisi Səbinə Rakçeyeva, TEAS Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin və TEAS Strasburq ofisinin direktoru Eliza Piter daxil idi.

Mükafatlandırma mərasimi martın 16-da Parisdə, Fransa Mətbuat Klubunun “Les Signatures” salonunda keçirilib.

Tədbirdə 60-dan artıq diplomat, siyasətçi, rəssam və jurnalistlər iştirak edib. Müsabiqəyə təqdim olunmuş 40-dan artıq əsər arasından 16 bədii iş seçilərək tədbirdə sərgilənib. İşlər arasında rəngkarlıq, qrafika, heykəltəraşlıq və foto əsərləri nümayiş etdirilib.

"Biz bu incəsənət müsabiqəsi ilə biz ictimai rəyi formalaşdıran şəxsləri və vətəndaş cəmiyyətinin diqqətini Xocalı qətliamına cəlb edəcəyimizə və beynəlxalq hüquqa hörmətə əsaslanaraq, onları bu münaqişənin sülh yolu ilə həllinin sürətləndirilməsi üçün səylərə qoşulmağın zəruriliyinə inandıracağımıza ümid edirik", - deyə TEAS Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin bildirib.

Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov müsabiqənin təşkili üçün Avropa Azərbaycan Cəmiyyətinə göstərdiyi təşəbbüsə görə təşəkkürünü bildirərib, seçilmiş rəsm və şəkillərin bədii keyfiyyətindən çox mütəəssir olduğunu vurğulayıb. Diplomat münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nə dərəcədə zəruri olduğunu da tədbir iştirakçılarının nəzərinə çatdırıb: "Bu mənada Fransanın rolu mühümdür və prosesi sürətləndirmək üçün rəsmi Paris konkret addımlar atmalıdır. Ümid edirik ki, bu proses əvvəllər olduğu kimi erməni və azərbaycanlıların sülh şəraitində birgə yaşamalarına imkan verəcək".

Senator Andre Rişar qeyd edib ki, bir neçə gün bundan əvvəl yeddi fransalı senatordan ibarət nümayəndə heyəti ilə birgə “Dörd günlük müharibədən” sonra azad edilmiş əraziləri ziyarət etmək üçün Azərbaycanda səfərdə olub. O bu ərazilərin qorxunc vəziyyətindən və hər şeyin dağıdılması mənzərəsindən dəhşətə gəldiyini vurğulayıb. Eyni zamanda, o, azərbaycanlıların həmin torpaqlara tezliklə qayıtmaq istədiklərini görərək təsirləndiyini də qeyd edib. Senator bu münaqişənin həlli üçün diplomatik cəbhədə Fransa parlamentinin nə dərəcədə mühüm rol oynamalı olduğunu vurğulayaraq, Fransa Senatının prezidenti Larşerə Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri çərçivəsində verdiyi təklifi xatırladıb. Bu təklif yaxın gələcəkdə Azərbaycan və Ermənistan parlament üzvlərinin birgə görüşünü keçirməkdən ibarət olub.

Münsiflər heyəti tərəfindən birinci mükafat “Azadolma” rəsmisinə görə Vüqar Quliyevə təqdim edilib. V. Quliyev işğal edilmiş Cəbrayıl şəhərində anadan olub və hazırda Fransanın Lion şəhərində incəsənət sahəsində təhsil alır. Mükafatı alarkən, o, bildirin: “Mən Dağlıq Qarabağ münaqişəsi zamanı doğma şəhərim Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldığı üçün evimi tərk etməyə məcbur olmuşam. Mənim rəsmim bu müharibənin və dinc vətəndaşlara qarşı törədilmiş bu cinayətin birbaşa təzahürüdür. Bu, soyuq qış gecəsində canlarını qurtarmağa çalışan insanları təqib edən bəla haqqındadır”.

İkinci mükafata Mehri Quliyeva-Moğadamın “Xocalı”, üçüncü mükafata Andrey Tırtışnikovun “İnsan simasının itirilməsi", münsiflər heyətinin mükafatına isə Maya Bağırovanın “Kədərlə dolu ev” əsəri layiq görülüb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR