Azərbaycan və İran XİN rəhbərləri arasında məktub mübadiləsi həyata keçirilib

Azərbaycan və İran XİN rəhbərləri arasında məktub mübadiləsi həyata keçirilib
# 17 mart 2017 15:39 (UTC +04:00)

Azərbaycan və İran arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubda ortaq tarixi, mədəni və dini dəyərlərə söykənən Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, dövlət başçıları arasında səfər mübadiləsi, iki ölkənin yüksək rəsmilərinin görüşləri, həmçinin regional və beynəlxalq forumlarda nümayiş etdirilən qarşılıqlı dəstəyin əlaqələrimizi əsaslı şəkildə gücləndirdiyini bildirib.

Nazir İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığını dəstəkləyən mövqeyinə görə təşəkkürünü ifadə edib, Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin rəhbərliyi altında iki ölkə arasında uğurlu əməkdaşlıq və səmimi qonşuluq, qarşılıqlı etimad və anlaşmaya söykənən Azərbaycan-İran qardaşlıq əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif E. Məmmədyarova ünvanladığı məktubda ötən 25 il ərzində hər iki ölkə hökumətlərinin səyləri nəticəsində Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə nəzərəçarpacaq dərəcədə genişləndiyini qeyd edib. O, son illərdə iki ölkə prezidentləri arasında həyata keçirilən 7 səfər mübadiləsinin Azərbaycan və İranın ikitərəfli əlaqələri daha da genişləndirmək üzrə nümayiş etdirdikləri möhkəm iradənin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan və İran arasında dərin mədəni və tarixi bağlılığın mövcud olduğunu qeyd edən iranlı nazir ikitərəfli əlaqələrimizin hər iki xalqın maraqları və regionda davamlı sülhün yaradılması baxımından bundan sonra da genişlənməkdə davam edəcəyinə əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR