Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunub

Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunub
# 28 mart 2017 15:50 (UTC +04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranları təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

APA-nın DTX-nin saytına istinadən verdiyi xəbərə görə, mərasim Xidmətin akt zalında davam etdirilib. DTX rəisi, Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Mədət Quliyev çıxış edərək, Heydər Əliyevin hələ sovetlər dövründə Azərbaycanın gələcək müstəqilliyini düşünərək respublika həyatının bütün sahələrində misilsiz işlər gördüyünü deyib, bugünkü güclü Azərbaycanın təməlinin onun dövlət təhlükəsizlik orqanlarına və davamlı olaraq ölkəmizə rəhbərlik etdiyi vaxtlardan qoyulduğunu bildirib.

Vurğulanıb ki, Heydər Əliyev müstəqil Azərbaycanın hüquq mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətinin də müasir dövrün tələblərinə uyğun formalaşmasında və inkişafında böyük işlər görüb.

Hazırda Azərbaycanın təhlükəsizlik orqanlarının öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu deyən general-leytenant Mədət Quliyev prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətimizin müstəqillik, sabitlik və tərəqqi siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasının DTX-nin əsas vəzifəsi olduğunu qeyd edib: “Peşə bayramı ərəfəsində prezident İlham Əliyevin sərəncamları ilə ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın dövlət mükafatları ilə təltif edilməsi fəaliyyətimizə verilən yüksək qiymətdir. Göstərilən böyük etimada və qayğıya görə dövlət başçısına dərin minnətdarlığımı bildirirəm. Ali Baş Komandanın bütün əmr və göstərişləri bundan sonra da dərhal və vicdanla yerinə yetiriləcək”.

Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov çıxış edərək bildirib ki, Azərbaycan bütün sahələrdə dinamik sürətdə inkişaf edir, Vətənimizin siyasi-iqtisadi nüfuzu və mövqeyi dünyada ildən-ilə möhkəmlənir. DTX xalqın maraqlarının və təhlükəsizliyinin etibarlı qorunması istiqamətində həyata keçirdiyi fəaliyyəti ilə öz yeni tarixinin şanlı səhifələrini yazır.

Sonra Azərbaycan prezidentinin DTX-nin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın təltif edilməsi haqqında sərəncamları elan edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR