Aprel döyüşləri ilə bağlı ermənilərin etirafı və ya Azərbaycan hərbiçiləri hospitalı niyə vurmadılar?

Aprel döyüşləri ilə bağlı ermənilərin etirafı və ya Azərbaycan hərbiçiləri hospitalı niyə vurmadılar?
# 10 aprel 2017 13:57 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrində çalışan hərbi həkimlərin aprel döyüş­lərinin ildönümü ərəfəsində mətbuata verdikləri açıqlamalarda bir ildən son­ra itkilərin bəlli qismini etiraf etməklə yanaşı, Ermənistan ordu rəhbərliyinin və erməni dip­loma­tiyasının bu mövzuda səsləndirdiyi fikirləri alt-üst etmiş ol­du­lar. Həkimlərin açıqladığı faktlar və təsvir etdikləri olaylar Ermənistan rəhbərliyinin bəyanatları ilə nəinki üst-üstə düşmür, hətta onları təkzib edir.

Ağdərə hospitalının rəisi Xoren Azaryan və hospitalın həkimləri bu gün­­lərdə mətbuata müsahibələrində 2-5 aprel tarixlərində düşdükləri ağır vəziyyətdən danışıb, çoxlu sayda itki verdiklərini söyləyiblər. Hospital rəisi qeyd edib ki, aprelin 2-də hospitala ardı-arası kəsilmədən yaralı əsgərləri da­şı­yır­dılar. Hansı ki, 2016-cı il 2-3 aprel tarixlərində erməni mediasında və Ermənistan Müdafiə Nazirliyinin xəbərlərində bu barədə heç bir məlumata rast gəlinmir.

Hospitalın cərrahiyyə şöbəsinin rəisi mayor Arman Muradyan və cər­rah David Marqaryanın etirafları isə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin zər­bələrindən nə cür çətin duruma düşdüyünü bir daha göstərir. Hətta ermənilər Azərbaycan Ordusunun istifadə etdiyi silahlar qarşısında aciz qaldıqlarını gizlətmirlər. “Sisyandan olan könüllüləri ön xəttə aparan avtobu­sun dronla vurulması həmin günlərdən ya­dımda qalan ən dəhşətli xatirədir. Bilmirəm bu nə silah idi, insanlar diri-diri yanmışdılar. Bu, çox dəhşətli idi.”, – deyə mayor Gevond Tadevosyan söyləyib.

Gizlədilən itkilər üzə çıxır

X.Azaryan dörd gün ərzində hospitalın 150-dən çox yaralı əsgər qəbul etdiyini, onların bir çoxunu xilas edə bilmədiklə­rini deyir. Nəzərə alsaq ki, işğal altındakı Azərbaycan ərazilərində Ermənistan ordusunun beş – Xankəndi Mərkəzi Kliniki Hospital, Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərədə yerləşən hərbi hospitalı mövcuddur, eyni zamanda döyüşlər vaxtı Ağdə­rə, Xankəndi, Xocavənd və Hadrutdakı xəstəxanalar da cəb­hədən gələn yaralıları qəbul edib, ermənilərin itkilərinin açıqlananlardan dəfələrlə çox olması şübhə doğurmur. Açıqlamalardan məlum olduğu qədər “döyüşlər zama­nı hərbi hospitallar Ermənistanın ayrı-ayrı ərazilərindəki hospitallardan ezam edilən həkim briqadaları ilə gücləndirilib, stasionar və səyyar hospital­lar yaralıların çox olmasına görə fasiləsiz çalışıblar”.

Məlumatlara görə, aprel ayının 2-dən 5-dək cəbhədə Ermənistan si­lah­lı qüvvələrinin, aralarında yüksək rütbəli zabitlər də olmaqla, 300-dən çox hərbi qulluqçusu öldürülüb, 500-dən çox hərbi qulluqçusu yaralı şəkildə hərbi hospitallara və xəstəxanalara yerləşdirilib. Ölənlər arasında Qarabağa döyüşməyə gələn Qarabağ müharibəsi iştirakçıları, habelə Qarabağ erməniləri, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məs­kunlaş­dırılmış və separatçı silahlı birləşmələrə xaricdən cəlb olunmuş şəxslər də olub. Qarabağ müharibəsinin, eləcə də atəşkəs döv­rün­dəki döyüşlərin təcrübəsi göstərir ki, orduda xidmət edən yerli Qarabağ erməniləri barədə itkilər ümumiyyətlə media və sosial şəbəkə­lərdə yer almır. Aprel döyüşlərinin gedişində Ermənistan tərəfinin açıqladığı öldürü­lən hərbiçilərin siyahısında Qarabağda yaşayan cəmi 8 hərbiçinin (za­bi­tin) yer alması burada itkilərin gizlədilməsi ilə bağlı ciddi sualları mey­dana çıxarır.

Qeyd edilməlidir ki, Qarabağdakı separatçı rejim öz itkilərinin sayını səsləndirmir, öz ölənlərini Ermənistandan ayrı sayır. Bu yalnız indi belə deyil. Qarabağ müharibəsində də itkilər barədə erməni mənbə­lərində də Ermənistanın itkiləri Qarabağ ermənilərinin itkilərindən ayrı göstəri­lirdi. Buna görə bəzi təcrübəsiz müşahidəçi­lərdə belə təəssürat ya­ranır ki, ölən­lərin hamısı yaxud əksəriyyəti Ermənistan vətəndaş­larıdır. Əslində isə, se­pa­ratçıların itkiləri Ermənistandan gələnlərdən 2-3 dəfə çoxdur, la­kin separatçı rejim onları gizlədir.

Ağdərə hospitalının həkimlərinin sadaladığı faktlar və söylədikləri rə­qəm­lər nə aprel döyüşləri zamanı, nə də ondan sonrakı dönəmdə Ermə­nista­nın Müdafiə Nazirliyi tərəfindən səsləndirilməmiş, yaralılar və ölənlər barədə susmağa üstünlük verilmişdir. Eynilə hər zaman döyüş itkilərinin giz­lədil­məsində istifadə olunan metod yenə tətbiq edilmiş, həlak olanlar və yaralılar barədə informasiyalar daxili və xarici auditoriyadan gizli saxlanıl­mış­dır. Baxmayaraq ki, Azərbaycan tərəfi düşmənin verdiyi itkilər barədə məlumatlı idi və təkcə Ağdərə istiqamətində əks hücumların ilk günündə düş­mənin yüzlərlə əsgərinin ya­ralandığı və öldürüldüyü ifadə olunmuşdur.

Azərbaycan Ordusu mərdliklə vuruşurdu – erməni həkimləri etiraf edir

Erməni həkimləri itkilərdən və döyüşlər zamanı gərgin iş rejimlərindən danışarkən özləri də bilmədən Azərbaycan hərbiçilərinin mü­haribə qa­nunlarına riayət etməsini də təsdiq­ləyiblər. Cərrah Arman Muradyanın söz­lərinə görə, döyüşlərin davam etdiyi gün­lərdə Azərbaycanın zərbə pilotsuz uçuş aparatı Ağdərə hospitalının üzərində fırlanıb və müşahidə aparıb. Hansı ki, bundan əvvəl zərbə pilotsuz uçuş aparatları vasitəsilə Suqovuşandakı (Madagiz) qə­rar­gah və sursat anbarı vurularaq məhv edilmişdi.

Bu həqiqətdir. Döyüş əməliyyatlarının davam etdiyi günlərdə Azər­baycan Ordusu düşmə­nin cəbhənin dərinliyindəki bütün hərbi obyektlərinin havadan müşahidə və nəzarətini həyata keçirmiş, PUA-ların tətbiqi ilə düşmənin hərbi obyektləri, cəbhəyə dislokasiya edilən ehtiyat qüvvələri aşkarlanaraq məhv edilib. Sual oluna bilər: PUA hospitalın üzərində dola­şırsa, hərbi sanitar maşınların dayanmadan gəlib-getdiyi ob­yek­ti müşahidə edirsə, düşmənin hərbi qulluqçularının olduğu obyekt vurula bilməzdi? Koordinatları bəlli stasionar obyektin vurulması qədər asan nə vardı ki…

Ermənilərin öz dillərindən etirafları bir daha onu göstərir ki, Azərbay­can dinc əhalinin yaşayış məntəqələrinə artilleriya zərbələri endirən Ermə­nis­tan­dan fərqli olaraq beynəlxalq hüquqa, humanitar normalara riayət edə­rək, hərbiçilərin belə olduğu hərbi tibb məntəqəsi və digər obyektlərə, o cümlədən mülki obyektlərə zərbə endirməmiş, bununla da öz insanpər­vər­liyini nümayiş etdirmişdir.

Erməni hərbi həkimlərinin müsahibələrində diqqəti cəlb edən digər maraqlı məqam isə onların nə mülki yaralı­lar, nə də mülki işçilər barədə heç bir hadisə qeyd etməmələridir. Hansı ki, Ermənistan tərəfi döyüş əməliy­yatları davam edən günlərdə guya ki, “çoxlu say­da dinc sakinin öldürülməsi” barədə xəbərlər tirajlayaraq beynəlxalq aləmin və Ermənis­tan icti­maiyyətinin diqqətini hərbi uğursuzluq­la­rından yayın­dırmağa çalışırdılar. Həkimlərin dediklərindən məlum olur ki, meyitlərin və yaralı­ların hamısı bilavasitə döyüş bölgə­lərindən gətirilib və hərbiçilər olub. Bu təsdiq olunan faktdır və əlavə şərhə ehtiyac yoxdur.

Aprel döyüşlərindən keçən bir il ərzində hər iki tərəfdə döyüşlərin ge­dişi, itkilər, əldə olunan nəticələr barədə çox saylı təhlili mate­riallar hazırlanıb, fikirlər ifa­də olunub. Lakin dünyanın qəbul etdiyi reallıq – erməni tərəfinin özünün də etiraf etdiyi uğursuzluq, mövqe itirilməsi və çoxlu sayda canlı qüvvə itkisidir. Hal-hazırda da Ermənistan silahlı qüvvələrinin öz hərbi itki­lərini etiraf etmək əvəzinə onları müxtəlif formalarda ört-basdır etmək cəhdləri, Azərbaycan əs­gərinin gülləsindən həyatını itirən hərbi­çilərinin ölümünü yol-nəqliy­yat qəzaları, silah-sursatla ehtiyatsız davranma, intihar, zəhərlənmə, bəd­bəxt hadisə və s. bu kimi hadisələrlə pərdələmə taktikası müşahidə olunmaqdadır. Ermənis­tanın rəhbərliyi bu itki­lərdən dərs çıxarmaq və siyasi maraqlara qur­ban gedən əsgərlərin vali­deyn­lərinə cavab vermək əvəzinə daxili siyasi maraqların gerçəkləşdirilməsinə və xarici hava­dar­larının dəstəyinə hesablanmış yeni təhdidlər səslən­dirməyə davam edir. Bu durum isə təbii ki, regionda hərbi vəziyyəti gərginləşdirməklə ya­naşı, müharibə ehtimalının yenidən artmasını şərtlən­dirir. Aprel döyüşlə­rinin ildö­nümü ərəfəsində erməni analarına müraciət edən Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyeva humanist tək­liflə çıxış edərək, onları işğal siyasətinə dəstək verməməyə, öz balalarını bu siyasətinin qur­banı olmaması üçün etiraz səsini qaldır­mağa çağırıb. I vitse-prezident bildirib ki, işğalçı qüvvələr Azərbaycan torpaqlarını tərk etməlidirlər, ondan sonra regionda sülh bərpa olunacaq və heç bir ana – nə erməni, nə də azərbaycanlı ana oğlunun məzarı üstündə göz yaşını tökməyəcək.

Qırılan ümidlər

Ekspertlərin fikrincə, Azərbaycan Silahlı Qüvvələri 4 gün­lük mühari­bə­də öz qüvvə və vasitələrinin az bir qismindən istifadə edə­rək, əks hü­cum­la cəbhənin iki istiqamətində düşmənə ağır zərbə vurmuş, onu tələfata uğradaraq qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirmişdir.

Ermənistan ordusunun məğlubedilməzliyi barədə Sarqsyan-Ohanyan cütlüyünün uydurduğu mif darmadağın edildi. Ermənistanda döyüşlərin ilk günü qırılan “məğlubedilməzlik” sindro­mu­nu erməni ekspertlər özləri də etiraf etməyə məcbur oldular. “Kom­mandos” ləqəbli erməni general-mayor Arkadi Ter-Tadevosyan Azər­baycan Ordusunun öz məqsəd­lərinə çatdığını qeyd edib: “Bu döyüşlə aparılan kəşfiyyat idi. Onlar əldə etdiklərini təhlil edib ikinci addımı ata­caqlar”. General Vitali Balasanyan isə bu günlərdə verdiyi açıqlamada Azər­bay­canın əldə etdiyi silahların müasirliyindən və çox olmasından danışıb: “Nə qədər çətin olsa da, bunu deməyə məcburam. Aprel hadisələrindəki itki­lərimiz bütün ermənilərə mesaj oldu”.

Talış kəndi ətrafındakı yüksəkliklərin tutulması bundan əvvəl düşmənə nis­bətən aşağıda yerləşən müdafiə mövqelərimizi relyefə görə düşmənlə eyni səviyyədə, bəzi yerlərdə daha yüksəklikdə qurmaqla bərabər, düşmənin Ağ­də­rənin şimalında illərlə qurduğu və qarşılıqlı döyüş əlaqələndirməsi ya­ratdığı müdafiə sistemini dağıtdı və cəbhə xəttini ciddi şəkildə xeyrimizə dəyişdi. Tapqaraqoyunlu-Borsunlu-Tərtər və daha cənubda geniş ərazilər ordumuzun birbaşa nəzarətinə keçdi. Tapqaraqoyunlu kəndi düşmənin atəşindən qurtuldu. Eyni za­manda ordumuzun bu istiqamətdə irimiqyaslı hücumları üçün əlverişli əmə­liy­yat plasdarmı qazanıldı. Cənubda Lələ-İlahi yüksəkliyinin düşməndən azad edilməsi isə Füzuli rayonunun 5 yaşayış məntəqəsini, dəmiryolu stan­siya­sını və avtomobil yollarını düşmənin silahları, hətta uzaqvuran artilleriya atəşi üçün əlçatmaz etməklə, ordumuza şimal-qərbə və şimala doğru işğalda olan geniş ərazini atəş nəzarəti altında saxlamağa imkan verir. Bu isə düşməni ən azı 25 km dərinliyində gizlin cəmləşmə və irəli çıxma imkanlarından məhrum edir.

Dörd günlük müharibədən sonra Azərbaycan Ordusunun düşmən üzə­rində hərtərəfli hərbi-texniki üstünlüyü artıq potensial ehtimal kimi deyil, gerçək üstünlük kimi dünyada qəbul olunur. Belə demək olar ki, dörd gün­lük müharibədə düşmən əsasən üçün­cü nəsil silahlarla döyüşdüyü halda Azərbaycan Ordusu buna qarşı be­şinci nəsil döyüş idarəetmə sistem­ləri, silah və vasitələri tətbiq etdi. Bu öz nəticəsini düşmənə cəmləşmə rayonlarında və döyüş meydanında vu­ru­lan sar­sıdıcı cavabsız zərbələrdə – onun bütün hərə­kətlərinin və manevr­lərinin gecə-gündüz nəzarətdə saxlanıl­masında, yüksək dəqiq­liyə və böyük dağıdıcı gücə malik silahlarla cəbhənin dərinliyində düşmənin şəxsi heyətinin qərar­gah­­la­rın­da, silah-sursatının isə an­bar­larda məhv edilmə­sində göstərdi. Bu kontekstdə 2016-cı ilin aprel ayında Ermənistan prezidenti Serj Sarqsya­nın əndişəli halda “erməni ordusunun 1980-ci illərin silahları ilə döyüşməsi” ifadəsi də nəzərdən qaçırılmamalıdır.

Prezident İlham Əliyev martın 31-də hərbiçilərlə görüşündə aprel dö­yüşlərini yüksək qiymətləndirərək deyib ki, ordumuz əl­ve­rişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib olub: “Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edil­miş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək. Təmas xətti dəyişdirildi. Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır… Biz uzaqmənzilli raketlərimizdən, pilotsuz uçuş aparatlarımızdan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş tor­paqlarda düşmənin daşı-daş üstdə qalmayacaq”.

Bu gün ermənilərin etiraf­ları aprel döyüşlərindən sonra onların mə­nəvi-psixoloji deqradasiyasının başlandığını göstərir. Sosial şəbəkələrdən və mediadan göründüyü qədər artıq “ölüm mələyini” başları üzərində hiss edən erməni gənc­ləri işğal olunmuş ərazilərdə döyüşmək barədə deyil, öz gələcəyi barədə düşünməyə üstünlük verməkdədirlər. Onların ölməmələri, həyatda qalmaları üçün yeganə şans isə prezident İlham Əliyevin dediyi kimi “Azərbaycan torpaqlarından çıxıb getmələridir”.

Rəşad Süleymanov

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR