Azərbaycan prezidenti qeyri-neft sektorunda inkişaf potensialına malik əsas sahələri açıqlayıb

Azərbaycan prezidenti qeyri-neft sektorunda inkişaf potensialına malik əsas sahələri açıqlayıb
# 17 aprel 2017 16:31 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev ölkədə qeyri-neft sektorunda inkişaf potensialına malik əsas sahələri açıqlayıb.

APA-nın məlumatına görə, dövlət başçısı qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib ki, artıq ən çox gəlir gətirən, valyuta gətirən pomidor və xurmadır.

Sahibkarların da bunu nəzərə almasını tövsiyə edən prezident İlham Əliyev bildirib ki, logistika mərkəzləri yaradılmalıdır: “Vaxtilə biz bir çox soyuducu anbarlar tikmişik. Ancaq bu soyuducu anbarlar əvvəlki istehsal həcminə hesablanıb. Növbəti illərdə bizə əlavə soyuducu anbarlar lazım olacaq. Həm İqtisadiyyat Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu, sahibkarlar özləri də bunu nəzərə alsınlar. Soyuducu anbarların potensialı bizim istehsalımızla uyğunlaşmalıdır. Elə olmasın ki, biz istehsal etdiyimiz məhsulu saxlaya bilməyək”.

Dövlət başçısı pambıqçılığın inkişafının sürətlə getdiyini nəzərə çatdırıb: “Bu rəqəmlər artıq bir neçə dəfə səslənib, bir daha səsləndirmək istəyirəm. 2015-ci ildə 35 min ton, 2016-da 90 min ton pambıq tədarük olunub. Hesab edirəm, bu il ən azı təqribən 250 min ton pambıq tədarükü gözlənilir. Əgər bu templə getsək, biz 3-4 ilə təqribən 400-500 min ton pambıq istehsal edəcəyik”.

Azərbaycan prezidenti üzümçülük üçün də Azərbaycanda gözəl təbii şərait olduğunu qeyd edib: “Burada səsləndi, 1970-1980-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üzümçülük nə qədər inkişaf edib. Biz indi üzümçülüyü bərpa etməliyik və bərpa edirik. Yeni üzüm bağları salınmalıdır və bizim şərab zavodlarımız da tam gücü ilə işləməlidir. Mənə verilən məlumata görə, şərab zavodlarının istehsal potensialı ildə 100 milyon butulkadır. Ancaq biz bunun təqribən 20-30 faizini istifadə edirik. Ona görə, üzüm istehsalı, o cümlədən texniki üzümün istehsalı artmalıdır, şərab zavodlarımız tam gücü ilə işləməlidir və ixrac da kəskin şəkildə artmalıdır. Məndə olan məlumata görə, keçən il ixrac artıb. Ancaq əgər biz rəqəmlərə baxsaq görərik ki, konyak və şərab ixracı ölkəmizə cəmi 17,5 milyon dollar vəsait gətirib. Ona görə, biz şərab və konyak məhsullarının ixracını ən azı 5 dəfə artıra bilərik, özü də qısa müddət ərzində. Biz buna da nail olmalıyıq. Üzümçülüyün, şərabçılığın inkişafı ilə bağlı əlavə təkliflər hazırlanacaq”.

Dövlət başçılığı indi xalçaçılığın geniş təbliğ edildiyini söyləyib: “Bu, bizim qədim sənətimizdir. “Azərxalça” yaradılıbdır, 13 şəhərdə yeni xalça kombinatları yaradılır. Onlardan birinin açılışında mən özüm olmuşam - Füzuli rayonunda. Qalan xalça fabrikləri bu il istifadəyə veriləcək. Bu, minlərlə iş yerinin yaradılması deməkdir və bu, bizim gözəl ixrac potensialımızdır. Yun tədarükü məsələlərinə əvvəlki illərdə o qədər də böyük diqqət göstərilmirdi. Məndə olan məlumata görə, bizim cəmi bir fərli-başlı tədarük məntəqəmiz olub. Bizim bütün bölgələrimizdə yun tədarükü təşkil edilməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanda böyük yun fabriki də yaradılsın. Bu sahəyə də çox ciddi diqqət göstərilməlidir. Bu, fermerlərə əlavə qazanc mənbəyi olacaq, ölkəyə isə valyuta gətirəcək”.

Azərbaycan prezidenti indi az da olsa ət və toyuq ətinin ixracına başladığımızı bildirib: “Hələ ki, biz özümüzü toyuq əti ilə təmin edə bilmirik. Ancaq ixrac da artıq başlanıb və bu, yaxşı haldır. Ümid edirəm ki, yaxın zamanlarda özümüzü tam şəkildə təmin edəcəyik və ixrac potensialı daha da artacaq. Heyvandarlığın da inkişafı gedir, cins mal-qara gətirilir, Süni Mayalanma Mərkəzi yaradılıb. Biz bir neçə il ərzində böyük potensial yaratmalıyıq ki, özümüzü həm süd və həm də ət məhsulları ilə tam şəkildə təmin edək. Cins mal-qaranın gətirilməsi və cinsin yaxşılaşdırılması prosesi daha da geniş vüsət almalıdır. Yeni fermalar yaradılmalıdır. Sahibkarlar buna daha böyük diqqət göstərməlidirlər. Biz süd məhsulları ilə özümüzü təxminən 80 faiz səviyyəsində təmin edirik. Bir neçə il ərzində tam təmin edə bilərik”.

Dünən Varvara balıqartırma müəssisəsinin açılışında olduğunu xatırladan dövlət başçısı deyib ki, balıqçılığın da çox böyük perspektivləri var: “Əfsuslar olsun ki, əvvəlki illərdə bu sahəyə də lazımi diqqət göstərilmirdi. Bizim həm çaylarımızda, həm Xəzər dənizində bol balıq var. Biz balıqları artırırıq, yetişdiririk və Azərbaycanda çox böyük balıqçılıq sənayesi yaradıla bilər. Bununla həm daxili bazar tam təmin edilər, həm də bunun böyük ixrac potensialı ola bilər. O cümlədən mineral sular sahəsi də inkişaf edir. Artıq ixraca da başlamışıq, ancaq az miqdarda. Bizim təbii bulaqlarımız var. Keyfiyyətli mineral sular istehsal və ixrac etmək, öz brendimizlə xaricə çıxmaq üçün çox gözəl imkanlar var. Bu sahəyə də mütləq diqqət göstərilməlidir”.

Azərbaycan prezidenti emal müəssisələrinin yaradılmalı olduğunu vurğulayıb: “Dövriyyəyə cəlb ediləcək minlərlə, on minlərlə hektar torpaq da bəllidir. Aydındır ki, orada yeni məhsullar yetişdiriləcək və yeni konserv zavodlarının yaranmasına ehtiyac var. İndi bizdə konserv zavodları fəaliyyət göstərir, ancaq onların sayı kifayət qədər deyil. Yeni emal müəssisələrinin yaradılması nəzərdə tutulmalıdır. Mən bir neçə rəqəmi də səsləndirmək istəyirəm, hesab edirəm ki, ictimaiyyət üçün də, sahibkarlar üçün də maraqlı olar. 2017-ci ilin birinci rübündə ən böyük artım pambıq lifinin ixracında olub - 700 faizdən çox. Süd məhsullarının ixracı 260 faiz artıb. Meyvələr arasında ən böyük ixrac artımı almada olub - 144 faiz. Nar 125 faiz artıb. Bunlar çox yaxşı göstəricilərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR